Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) IX-XI sinif şagirdləri üçün iyunun 6-da təşkil etdiyi buraxılış imtahanları respublikamızın qərb bölgəsində də yüksək səviyyədə keçirilib.
TQDK-nın Gəncə regional bölməsinin rəhbəri Nəsimi Məmmədov buraxılış imtahanlarının gedişini izləyən AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, imtahanlar Gəncə ilə yanaşı, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Goranboy rayonlarında, eləcə də Naftalan şəhərində təşkil edilib. Adları qeyd olunan şəhər və rayonlarda, ümumilikdə, 18 min 546 şagird imtahanlarda iştirak etməlidir ki, onlardan da 9 min 741 nəfəri IX sinfi, 8 min 805 nəfəri isə XI sinfi bitirənlərdir.
N.Məmmədov onu da diqqətə çatdırdı ki, imtahanların belə mütəşəkkil keçməsinin əsas səbəblərındən biri 2009-cu ildə TQDK-nın Gəncə bölməsinin yaradılmasıdır. Artıq regionlarda bu sahədə zəngin təcrübə əldə edilib, çoxlu sayda nəzarətçi-müəllim yetişib. Bunun nəticəsində imtahan prosesində heç bir qayda pozuntusuna rast gəlinmir, imtahanların gedişinə təsir göstərə biləcək hallar baş vermir. İmtahan keçirilən binadan uzaqda yaşayan şagirdlərin imtahanlarda iştirakını təmin etmək məqsədilə dövlət vəsaiti hesabına avtomobil ayrılıb. Bundan başqa, təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binaya 10 nəfər polis əməkdaşı, tibb işçisi və Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi cəlb edilib.
TQDK-nın Gəncə regional bölməsinin rəhbəri qeyd etdi ki, nəzarətçi-müəllimlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının istər buraxılış imtahanlarında, istərsə də test imtahanlarında fəal iştirak edirlər. Həmişə prinsipial mövqedə dayanan həmin müəllimlər çalışırlar ki, əvvəllər buraxılan nöqsanlar bir daha təkrarlanmasın.
Həqiqətən də Gəncədəki 43 nömrəli orta məktəbdə keçirilən buraxılış imtahanlarını izləyərkən N.Məmmədovun dediklərinin əyani şahidi olduq. Qeyd edək ki, imtahan binasına giriş zamanı şagirdlərin üstü yoxlanılır, onların imtahanlara mobil telefon, konspekt və digər yardımçı vasitələrlə daxil olmaması üçün ciddi nəzarət edilirdi.
Məktəbin qarşısına çoxlu sayda valideyn də toplaşmışdı. Şagirdlər qədər onlar da həyəcanlı idilər. Gəncə şəhər 39 nömrəli orta məktəbin IX sinif şagirdi Tural Abbasovun valideyni Dürdanə Abbasova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirdi ki, bu gün iki övladı - Tural 9-cu, Turanə isə 11-ci sinfin buraxılış imtahanlarında iştirak edirlər: “İnanıram ki, hər iki övladım məni sevindirəcək. Müstəqil respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də gənclərə böyük imkanlar yaradılıb. Onlar da bu imkandan layiqincə istifadə etməlidirlər. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğı göz qabağındadır. Əminəm ki, şagirdlər də bundan bəhrələniblər və imtahanları uğurla başa vuracaqlar”.
Digər yerlərdə olduğu kimi, burada da şagirdlərin sərbəst şəkildə öz biliklərini nümayiş etdirməsi üçün hər bir şərait yaradılmışdı. Onlar sakitliyə riayət etməklə, ayrılmış vaxtdan səmərəli yararlanmağa çalışırdılar. Nəhayət sualları cavablandıran şagirdlər imtahandan bir-bir çıxmağa başladılar. Bəziləri sualların asan, bəziləri isə çətin olduğunu söylədilər.
Qeyd edək ki, qərb bölgəsinin digər rayon və şəhərlərində də IX-XI sinif şagirdlərinin buraxılış imtahanları yüksək səviyyədə təşkil olunub.