Sıralarında əlli doqquz Olimpiya qızıl medalının sahibi olan yüz əlli Olimpiya medalçısı “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək.
Olimpiya medalçılarının öz idman növlərində tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının çempionu olmaq istəyi bu yarışlarda mübarizənin güclü olacağını bir daha təsdiq edir.
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Olimpiya medalçıları kimi, iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək 6000 idmançıdan təqribən 200-nün dünya çempionu olması yarışlarda qızıl medal uğrunda mübarizənin kifayət qədər ciddi olacağından xəbər verir.
“Bakı-2015”-də 20 idman növündən 12-si idmançılar üçün əlavə stimul olacaqdır. Bu növlər üzrə yarışlarda idmançılar üçün Rio-2016 Olimpiya Oyunlarına təsnifat imkanları təmin olunacaq, üç idman növü - stolüstü tennis, triatlon və atıcılıq üzrə qızıl medalçılar isə növbəti yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar.
Birinci Avropa oyunlarının proqramı, həmçinin karate, çimərlik futbolu, sambo və basketbol 3x3 kimi perspektivli idman növləri üçün də yer ayırır. Çimərlik futbolunda dünyanın ən yaxşı beş komandasından dördü, o cümlədən dünya çempionu olan Rusiya komandası Avropa Oyunlarının qızıl medalı uğrunda mübarizə aparacaq. 3x3 basketbolda isə gümüş mükafatçı Serbiya qızıl medal qazanmağa namizəd favoritlər arasındadır.
Birinci Avropa Oyunlarında qeyri-Olimpiya idman növlərinə yer ayrılması dünya idmanı üçün yeni bir innovasiya elementidir və bu Olimpiya Oyunları, Asiya Oyunları, yaxud Pan Amerika Oyunları kimi digər multi-idman qitə oyunlarından fərqlənir.
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bakı-2015”-də belə yüksək dərəcəli idmançıların iştirakı bizim Avropa idman təqvimində bu yeni yarışın əhəmiyyətini əks etdirir. İdmançılar, MOK-lar, Avropa və beynəlxalq idman federasiyaları “Bakı-2015”-ə uğur qazanmaq və Avropa məkanında görünmək, Rio-2016-ya adlamaq üçün böyük imkan kimi yanaşırlar”.
“Bakı-2015” idmançılara onların öz idman növləri üzrə yarışaraq ilk Avropa Oyunlarının çempionu olmaqla öz adlarını tarixə yazmağa imkan yaradır.
“London-2012” Olimpiadasının taekvondo üzrə qızıl medalçısı və “Bakı-2015”-də atletlərin səfiri, xanım Ceid Jounz bu fikirlərə əlavə olaraq bildirib: “Bakı-2015” bu il mənim yarış təqvimimdə doğurdan da çox mühüm yer tutur. Bakı yarışları ilə mən Rio-2016-ya hazırlaşacağam, Rioda isə böyük səylə öz Olimpiya titulumu qoruyacağam. Ona görə də Bakıda Avropanın ən güclüləri ilə görüşmək böyük bir sınaqdır. Böyük Britaniya komandası Bakıya böyük heyətlə gedir. Orada vaxtımız xoş keçəcək. Amma hər şeydən öncə mən Bakıya qələbə qazanmaq üçün gedirəm”.
Küçə atletikası da “Bakı-2015”-də bir yenilik olacaq. Bu yarışlarda bir sıra peşəkar idmançılar, o cümlədən 2013-cü ildə Moskvada keçirilmiş dünya çempionatının qızıl medalçıları - almaniyalı şüvüllə tullanan Rafael Holzdeppe, ukraynalı hündürlüyə tullanan Boqdan Bondarenko da iştirak edəcəklər.