Avropa Oyunları və Azərbaycan mətbuatının 140 illiyi ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov media rəhbərləri ilə görüş keçirib.
"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Əli Həsənov çıxışında bildirib ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə tarixində önəmli səhifədir:
"Bu, Azərbaycan tarixinə yazılacaq hadisədir. Kimin necə münasibət göstərməsindən asılı olmayaraq, bu, Azərbaycanın tarixinə yazılacaq, çünki münasibətlər keçicidir".
Prezidentin köməkçisi ölkə başçısının mətbuatın 140 illik yubileyi ilə bağlı verdiyi sərəncama toxunub və bu sərəncamın prezidentin mətbuata, junalistikaya verdiyi dəyər kimi qiymətləndirib.
Daha sonra Əflatun Amaşov prezidentin mətbuatla bağlı verdiyi son sərəncamın digərlərindən əhatəliliyinə və qarşıya qoyulan tapşırıqlara görə fərqlənəcəyini deyib.
KİVDF sədri Vüqar Səfərli isə 144 jurnalistin mükafatlandırılacağını bildirib.
***
Əli Həsənov bildirib ki, jurnalistlərə veriləcək fəxri adlar, orden və medalların verilməsi zamanı müəyyən standartlar olacaq: "Belə ki,tərəqqqi medalı almaq üçün azı 10 il media sahəsində fasiləsiz çalışılmalı, əməkdar jurnalist adı üçün 15 illik stajı olmalıdır. Lakin yenə də say çox olduğu üçün həmin şəxslərin seçilməsi media kapitanlarına və onların şəffaf seçiminə həvalə ediləcək".