Söhbət nədən gedir? Ilk olaraq bundan başlayım. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 17 may ( 2-ci , 3-cü), 24 may (1-ci, 4-cü) qruplar üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirmişdir. Qəbulun nəticələri ilə sizi tanış edim, daha sonra ürək sözlərimi yazacağam. Sizə söz verirəm, gülməli olsa da sadəcə reallıqları yazacağam.
I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak etmiş, onlardan cəmi 963 nəfəri (8.11 faizi) 200 və daha yüksək bal toplamışlar. Beləliklə, 10911 nəfər 0-200 bal intervalında nəticə əldə etmişdir ki, bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və maksimal nəticə 647 baldır.
II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak etmişdir. Bu qrupda imtahanda iştirak edənlərin 1117 nəfəri (15.46 faizi) 200 və daha yüksək bal toplamış, 6107 nəfər 0-200 bal intervalında nəticə əldə etmişdir ki, bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olmuşdur.
III ixtisas qrupu üzrə imtahanda 7812 nəfər iştirak etmişdir. İştirakçıların 1934 nəfəri (24.76 faizi) 200 və daha yüksək bal toplamışlar. Beləliklə, 5878 nəfər 0-200 bal intervalında nəticə əldə etmişdir ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.
IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak etmiş, onların cəmi 235 nəfəri (11.22 faizi) 200 və daha yüksək bal toplamışlar. Beləliklə, 1859 nəfər 0-200 bal intervalında nəticə əldə etmişdir ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.
Bu əvvəlki illərin məzunlarının nəticəsidir. Əvvəlki illərin məzunu dedikdə, elə mən də bu məzunların arasındayam. Bir məzun olaraq bunun hansı səbəbdən yarandığını və niyə bu vəziyyətə düşdüyümüzü mən sizə açıq şəkildə izah etməyə çalışacağam. Deməli, el dilində desək keçən il başımız bir dəfə daşa dəydi qayıtdı. O da ki, öz məsuliyyətsizliyimiz ucbatından. Şəxsən mən 3-4 peşə ilə məşğul idim və əşi neynirəm e universiteti deyib, qazanc dalınca qaçırdım. "Girsəm girəcəm, girməsəm də qismətdə yoxmuş" şüarı altında özümü müdafiəyə qalxmışdım. Müəyyən kursları bitirdim, bir neçə sayt və televiziyada işə düzəldim. Artıq işim də var deyə düşünərək Ali Təhsil məsələsini həqiqi mənada bir kənara atdım. Hazırlıqlar yarımçıq qaldı, bildiyimidə unutdum. Sevinirdik ki, 11-ci sinfi bitirdik. Imtahan verəcəyik və Ali Məktəbə qəbul olacağıq. 3 il hazırlıq üzü görmüşdüm, hərəsi 3 aydan artıq olmamaq şərtilə. Bütün işlərimdə 3 aylıq limitim vardı. 3 ayı keçdi qurtardı. Imtahanı verdik, sevinə-sevinə çıxdıq ki, bəs qəbul olmuşuq. Üstündən 2 gün keçdi zənglər gəlirdi ki, ay Şahin, hara girə bildin? Özümü müdafiə üçün və aranı qatıb söhbəti dəyişmək üçün şablon söz olan "Stolbaya girdik" sözünü qohum-əqrabanın hamısına bildirirdim. Sonda nə oldu? Ağıllandıq! Nə olsun ki, savadımız, bacarığımız var? Amma ki ali təhsil olmadıqca hörmət edib, savadına, bacarığına dəyər verən olmur. Işdə də ali təhsilin olmamağı problemlərə yol açır, hətta iş yoldaşların arasında başı aşağı olursan. Mən də savadlıyam, bacarıqlıyam demək istəyirsən, amma bu heç vaxt alınmır. Necə deyərlər "dili gödək" olursan. Axı əlində faktiki diplomun yoxdur... Bundan sonra da "nə yolla olursa olsun diplomum olmalıdır" şüarı ilə hərəkət edərsən. Sadəcə diplom üçün oxumağa çalışarsan ki, bircə diplomum olsun. filankəsin oğlu universitetə qəbul oldu, diplomu var desinlər. Nə üçün? Çünki bizim cəmiyyətdə "filankəsin oğlu oxuyur e" düşüncəsi daha çox formalaşıb. Üzr istəyirəm, "oxuyur" yox, "diplom"u var.
Keçən il kəsildik, yenidən hazırlaşmağa başladıq. Ilk aylar adam kimi oxuduq. Birinci və ikinci sınaqlardan 385-430 arası bal yığdıq. Aylar keçdi təzəcə doldurduğumuz təkərin fısı yatdı. "Əşi neynirəm ee 200 bal topluyum bəsdir, hansı universitet olursa olsun əsas bir yerə düşək, diplom olsun". Bax bizim cəmiyyətin gənclərinin düşüncəsi budur. Bu düşüncəni yaradan və formalaşdıran da bizim cəmiyyətdir. Hara müracət edirsən et, nə olursa olsun diplomun olsun deyirlər. Biz isə yeni-yeni formalaşmağa başlayırıq. Hər deyilən söz bizim beynimizə elə yazılır ki, kislata töksən belə silinməsi mümkün deyil. Qəbul imtahanında bu il düzdür keçid balını yığdıq, keçdik. Neçə balla 200-300 balla? Yəni bundan sonra mənim diplomum olacaq. Mənə hörmət artacaqmı? Nəyə görə dəyər verəcəklər? 200 ballıq diploma görəmi? Bax bu hörmətə görə, turizm diplomu ilə mühəndis işləyəcəm ideası bizdə yaman çox formalaşıb. Çünki mühəndislikdən anlayışı və iş stajı 5 il olan birisinin diplomu yoxdursa, müəllimlik diplomu olanı o mühəndisdən öncə işə götürəcəklər. Bizi məhv edən bax bu düşüncələrdir. Böyükdən balacaya qədər hamı bu düşüncə ilə yaşayır. Övladım universitetə girsin, diplomu olsun, deyirlər. Övladım universitetə girsin, təhsil, savad alsın, niyə demirlər? Niyə bizdə bu düşüncə formalaşmır? Yaxud da biz gənclər: "əşi diplom olsun, nə edirəm e 700 bal toplayanda guya ağlım artacaq ki?" Nə üçün bu düşüncə ilə formalaşmışıq? Nə üçün savad almayaq? Nə üçün təhsil almayaq? Içi boş diplom kimə gərəkdir? Xaricdə təhsil alan gənclər savad üçün təhsil üçün xarici ölkələrə üz tutub. Səbəbini biraz araşdırmışam. Günahı ya Təhsil Nazirliyində, ya TQDK- da, ya da ki müəllimlərdə görməyin. Ölkəmizdə təhsil də var, yaxşı müəllim də var. TQDK - da hər il olduğu kimi bu ildə abituriyentlərin rahatlığı üçün qəbul komissiyasında islahatlar aparır və abituriyentlərin şanslarını daha da çoxaldır. Amma biz gənclər nə edirik? Amma biz bizim üçün yaradılan şəraitdən rahatlıqla istifadə etmirik, ya da ki edə bilmirik. Axı cəmiyyətimiz, onların düşüncəsi dəyişməyib. Xaricə üz tutan tələbələr də xaricdəki təhsil ocaqlarını bir məqsədlə seçirlər. O da ki, düşüncələri və cəmiyyəti dəyişmək üçün. Biz diplom üçün oxuyuruq, çünki cəmiyyətimiz bunu tələb edir. Xaricdəkilər isə savad üçün oxuyur. Bunu da oranın cəmiyyəti tələb edir. Biz kökdən dəyişmişik. Məsələni kökündən həll etmək lazımdır. Diplom hər şeydi, amma ki heçnə deyil. Biz gənclər də artıq diplom üçün çalışmağa bir son deməliyik. Savad üçün, təhsil üçün çalışmalıyıq. Bu ilki nəticəmizlə xəcalət çəkək!!!
Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına son illərdə təhsil üçün apardıqları islahata görə minnətdarlığımı bildirirəm.(atv)