Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bölgələrdə fəaliyyət göstərən qurumlarından şikayətlər səngimir. Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsi sahəsində həyata keçirdiyi islahatlar vətəndaşlar tərəfindən rəğbətlə qarşılansa da, bu islahatların həyata keçirilməsində məsul olan nazirliyin bir çox qurumları rüşvət və korrupsiyaya qurşanaraq cəmiyyətdə ciddi narazılıqlar yaradırlar. Ölkədə korrupsiya və rüşvətə qarşı aparılan mübarizə zamanı ən çox neqativ halların baş verdiyi ünvan məhz adıçəkilən nazirlik göstərilir.
Nazir Səlim Müslümov neqativ hallara qarşı barışmaz mövqeyini təyinatının ilk günlərindən ortaya qoysa da, onun rəhbərlik etdiyi qurumda hər kəs bu qaydalara riayət etmir. Nazirin belə hallara qarşı kəskin və barışmaz mövqeyi belə rüşvət və korrupsiya hallarının qarşısının alınmasında yetərli görünmür.
Oğuz rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən redaksiyamıza daxil olan məlumatlar onu deməyə əsas verir ki, cənab nazir adıçəkilən mərkəzdə ciddi yoxlamalara başlasa, kifayət qədər cinayət əməllərinin üstü açılacaq.
Oğuz rayonunun Xaçmaz, Bayan, Böyük-Söyüdlü, Kərimli, Qumlaq, Xal-xal, Xaçmaz Qışlaq, Mollalı, Tərkeş, Dəmədalı, Sincan və digər kəndlərindən redaksiyamıza daxil olan məlumatlar onu deməyə əsas verir ki, adıçəkilən mərkəzin direktoru Samir Yaqubov baş verən bütün neqativ hallara birbaşa rəhbərlik edir. Məhz onun göstərişi və təpkisi ilə mərkəzin əməkdaşları qanunsuz əməllərə sövq edilir. Buna riayət etməyənlər isə vəzifələri ilə vidalaşmağı göz önünə alırlar. Təbii ki, mərkəzin əməkdaşları müxtəlif formalarda qanunsuz tapşırıqlara əməl etməməyə çalışsalar da, direktorun nəfsi onları çıxılmaz vəziyyətə salır. Vətəndaşların sözlərinə görə, adıçəkilən mərkəzində elə adamlar ünvanlı sosial yardım alırlar ki, həmin adamların maddi imkanları və sosial durumları kifayət qədər yaxşıdır. Amma həqiqətən dövlətin ayırdığı ünvanlı sosial yardıma ehtiyacı olan ailələr müxtəlif bürokratik əngəllərə məruz qalırlar. Sonda isə məcburiyyət qarşısında mərkəzin direktoru Samir Yaqubovun icad etdiyi «qanunlara» riayət etmək zorunda qalırlar. Bir sözlə, mərkəz direktoru Oğuz rayonunda dövlətin imkansız ailələrə ayırdığı ünvanlı sosial yardımı mənimsəməkdə davam edir. Samir Yaqubovu hardasa başa düşmək olar. Mütəmadi olaraq xarici ölkələrə bahalı istirahətlərə yollanan mərkəz direktorunun bundan əlavə kənar xərcləri də mövcuddur. Şənbə və bazar günləri mərkəz direktorunun müəmmalı səfərləri qaranlıq məqamlardan xəbər verir.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, gün ərzində suallarımıza cavab verə biləcək heç kimi tapa bilmədik. Buna baxmayaraq, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Məlumat üçün bildirək ki, Samir Yaqubovun ətrafında apardığımız araşdırmalar zamanı ağlasığmaz informasiyalar əldə edə bilmişik. Həmin informasiyalarda Samir Yaqubovun keçirdiyi qaranlıq həyat tərzindən tutmuş, dövlət qulluqçusuna yaraşmayan hərəkətlərə yol verməsi barədə məlumatlar mövcuddur. Həmin məlumatlar tam dəqiqləşdirildikdən sonra müvafiq qurumlara müraciət etməyi planlaşdırırıq.
Burada bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, məmurlar öz həyat tərzi və davranışları ilə digərlərinə nümunə olmalıdırlar. Əks təqdirdə belə məmurlara dövlət qulluğunda yer yoxdur. Mərkəz direktoru Samir Yaqubovun ölkə başçısının tövsiyələrinə və tapşırıqlarına nə dərəcədə əməl etməsinə gələn yazımızda aydınlıq gətirəcəyik.
Yenimeydan.info