Bayram Səfərəliyev 21 ildir yüksək gərginlikli elektrik xəttinin altında yaşayır. Dediyinə görə o, evini çarəsizlikdən 110 min kilovotluq elektrik enerjisini paylayan dirəyin altında tikməyə məcbur olub.
Bakıda Suraxanı rayon sakini Bayram Səfərəliyev kimi yüzlərlə sakinin evi yüksək gərginlikli elektrik xəttlərinin altında yerləşir.
Bakı şəhərinin Zabrat, Suraxanı, Maştağa, Qaraçuxur, Bakıxanov, Ramana, Bülbülə, Əmircan, II Zabrat, Böyük Şor gölünün ətrafı, Abşeron rayonunun Xırdalan, Saray, Ceyranbatan, Müşfiqabad yaşayış massivlərində bu cür faktlar çoxluğu ilə fərqlənir. Həmçinin Qaradağ, Binəqədi, Siyəzən, Dəvəçi, Quba, Qusar, Xaçmaz, Qobustan, Sabirabad, Ağsu, Hacıqabul, Lənkəran, Astara, Şəmkir, Tovuz və Ağstafa rayonlarında da yüksək gərginlikli xətlərin mühafizə zolağında inşa olunmuş çoxlu sayda obyekt və çoxillik əkmələr var.
Hətta yüksək paylayıcı işıq dirəklərinin bir çoxu yaşayış evlərinin həyətindədir. Bu şəraitdə yaşayan insanları elektrik enerjisi qorxusu daim təşvişdə saxlayır. Hesablamalara görə, paytaxt Bakı ətrafında 500 minə qədər sənədləşdirilməmiş ev mövcuddur. Onların bir çoxu yüksək gərginlikli elektrik şəbəkələrinin altında, nəqliyyat infrastrukturu obyektlərinə yaxın, neft və qaz yataqlarının işləndiyi ərazilərdə tikilib. Binəqədidə qaz, su və yüksək gərginlikli elektrik xətlərinin ətrafında tikililərin sayı 5 mindən yuxarıdır.
Məlumat üçün deyək ki, Azərbaycan qanunvericiliyinə görə, yüksək gərginlikli elektrik xətlərin ən azı 250 metrliyində yaşayış məskəni salmaq olar. Lakin elektrik xətlərinin altında bağ salmaq, çoxillik ağaclar əkmək qadağan edilsə də, azillik (ot, bostan, tərəvəz və s.) əkməyə icazə verilir. Qanuna görə, tikinti işləri torpağın qruntundan asılı olaraq su anbarları və kəmərlərindən 5-10 metrdən 50 metrədək, rabitə xətlərindən (kabellərdən) isə minimum 2-3 metr uzaqda aparılmalıdır. Faktlarla bağlı “Azərenerji” tərəfindən dəfələrlə müvafiq icra hakimiyyətlərinə bu problemlərin aradan qaldırılması üçün müraciətlər olunsa da, cavabsız qalıb. “Azərenerji”dən o da bildirilib ki, hazırda üzərində iş gedən layihələr reallaşdırıldıqda, bəzi ərazilərdə evlərin köçürülməsinin çətinliyi nəzərə alınaraq, xətlərin yerinin dəyişdirilməsi mümkündür. Amma bu proses istisnalarla həyata keçirilə bilər.
“Azərişıq” ASC-nin mətbuat xidmətini rəhbəri Tanrıverdi Mustafayev isə ANS PRESS-ə bildirdi ki, yüksək gərginlikli xətlərin altında tikilən evlərin mühafizə zolağına uyğun olub-olmamağı ilə bağlı yoxlamalar aparılıb. Yoxlamaların nəticələri barədə yerli icra sturkturları və Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb. Yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən evlərin sökülüb-sökülüməyəcəyi barədə isə qərarı yerli icra sturkturları verəcək.
Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə hansı qərarın çıxarıldığı və ya ümumiyyətlə bu istiqamətdə işlərin aparılıb-aparılmadığı barədə heç bir söz söyləmədi. O bildirdi ki, bu barədə heç nə bilmir.
Halbuki, prezident İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında məhz yüksək gərginlikli xətlərin altında tikilən evlərə toxundu və müvafiq qurumlara ciddi xəbərdarlıq etdi: “Yüksək gərginlikli xətlərin altında çoxlu sayda evlər tikilib. İndi bəlkə də insanlar bunun özləri üçün nə qədər böyük təhlükə olduğunu başa düşmürlər. Ancaq o icazəni verən necə? Elə bil ki, özbaşına tikiblər. Axı biz hamımız Azərbaycanda yaşayırıq, özbaşına kim nə edə bilər? Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər”.(anspress.com)