Aksiya gənc fəallara qarşı repressiyalara son qoyulması tələbilə keçiriləcək. Qrupun yaradıcısı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bildirib ki, diktatura gənclərə qarşı xüsusi amansızlıq siyasətinə başlayıb.
“Bu, ölməkdə olan rejimin son çırpıntılarıdır və bu mərhələnin ağrısız ötüşməsi üçün ölkə ictimaiyyəti bir həmrəylik nümayiş etdirməlidir. “Əsgər ölümlərinə son!” aksiyalarının iştirakçılarına divan tutan rejim ən yaxın keçmişin və ən yaxın gələcəyin əsgərlərinə divan tutmaqla bu etirazları söndürmək istəyir. Rejimi rədd etmək üçün gəncliyi xilas etmək əsas hədəflərdəndirsə, gəncliyin qurtuluşunun tək yolu da birləşmək və nəhəng bir gücə çevrilməkdən keçir”, o yazıb.
O, gənclərə qarşı repressiyalara son qoyulması naminə 12 aprelin həmrəylik günü elan olunmasını təklif edib
Q.Zahid hakimiyyət tərəfindən ona olan təzyiqlərə görə 2 il əvvəl Azərbaycanı tərk edib. Ailə üzvləri Fransada siyasi mühacirət alıb.