Azərbaycanın Uruqvaydakı diplomatik missiyası bu ölkənin Montevideo şəhərində 28 may - Respublika Günü münasibətilə qəbul və "Bakı-2015"in təqdimatını keçirib.
Bu barədə AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tədbir zamanı çıxış edən Azərbaycanın Argentinadakı, eyni zamanda Uruqvaydakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, ölkənin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, ölkədə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə danışıb.
"Bakı-2015" barədə də danışan Azərbaycan diplomatı bu oyunların yüksək səviyyədə təşkili məqsədilə ölkədə görülən tədbirlər, eləcə də növbəti illərdə Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyinə də toxunub. Səfirin çıxışının ardınca "Bakı-2015"lə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə qonaqlara "Bakı-2015"lə bağlı təbliğat materialları təqdim olunub. Tədbir Uruqvayın və dünyanın ispandilli mətbuat vasitələrinin diqqət mərkəzində olub.