Ermənilərin Van-İrəvan təyyarə reysi ilə bağlı arzusu puça çıxıb. Bu barədə Gün.Az-a İğdırdan Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksel Gülbey bildirib. “Erməni diasporunun 1 aprel sevincləri yalan çıxdı. Heç bir uçuş olmayaq. Belə ki, Van-İrəvan təyyarə səfərini təşkil edən Borajet şirkətinin rəsmiləri ilə telefon danışıqlarımda 1 apreldə belə bir uçuşun olmayacağını bildirdilər”, deyə G.Gülbey qeyd edib.
Qeyd edək ki, aviareysinin açılması təşəbbüsünə rəsmi Bakıdan sərt etiraz ifadə olunmuşdu, həmçinin YAP Türkiyədən izahat istəmişdi. Bunun ardınca Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun açıqlama verərək Van-İrəvan aviareysinin açıqlamasının şəxsi təşəbbüs olduğunu, bunun dövlətin təşəbbüsü olmadığını demişdi. O qeyd etmişdi ki, Türkiyə hər bir məsələdə Azərbaycanın yanındadır: "Türkiyənin Qarabağ məsələsində mövqeyi hamıya məlumdur. Ölkəmizin mövqeyində hansısa dəyişiklik olduğuna şübhə etməyə heç bir əsas yoxdur. Bir daha təkrar edirəm, bu, şəxsi şirkətin təşəbbüsüdür və bu təşəbbüsün dövlətin mövqeyinə heç bir aidiyyəti yoxdur. Türkiyə-Azərbaycan münasibətləri o qədər möhkəmdir ki, hansısa aviareysin açılması bu münasibətləri korlaya bilməz”. Ancaq bu da Bakını razı salmamışdı və XİN məsələ ilə bağlı araşdırmaların aparılmasından sonra məsələyə münasibət bildirəcəyini bəyan etmişdi. Ancaq aviareysin təxirə salınması barədə məlumat hələ ki, rəsmən təsdiqlənməyib.