Mayın 26-da baş naziri müavini Əli Əhmədov Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, səfir iki ölkə arasında dostluq münasibətlərini xatırladaraq, Fransa ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin zəngin tarixə malik olduğunu deyən baş nazirin müavini Əli Əhmədov qarşılıqlı münasibətlərin bir çox sahələrdə fəal şəkildə genişləndiyini qeyd edib, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Fransa arasında sosial sahədə də əməkdaşlığın genişləndiyini deyən Əli Əhmədov çoxlu sayda fransız şirkətlərinin ölkədəki fəaliyyətinin və onların bu sahəyə verdiyi töhfənin önəmini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Fransa şirkətlərinin Azərbaycanın səhiyyə müəssisələrinin inkişafına dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb.