"Kamaz" marakalı avtomobili ilə ailəsini dolandıran Abbas İsgəndərov adlı bir sürücünün Yevlax DYP postunda üzləşdiyi olayla bağlı şikayət məktubu daxil olub:
21.05.2015-ci il tarixdə mən və bir neçə yük avtomobili idarə etdiyimiz "Kamaz” markalı yük avtomaşınları ilə Bakı şəhərinə yük aparırdıq. Həmin vaxt Yevlax rayonu ərazisində yerləşən DYP postunda bizi polis çavuşu Rafiq Yaqubov saxladı. Həmişəki kimi biz onun "nəzir”ini, yəni hər yük maşını üçün nəzərdə tutulmuş 10 AZN pulumuzu verib keçdik.
23.05.2015-ci il tarixdə Qaradağdan yüklədiyimiz mişar daşı ilə Tovuz istiqamətində hərəkətdə olarkən yenə də həmin Yevlax postunda növbədə olan polis çavuşu Rafiq Yaqubov bizi saxladı.
Həmişə olduğu kimi biz 3 avtomaşın olaraq haqqımızı ona verərkən o mənimlə yol yoldaşları olan 2 avtomaşının hərəsindən 10 manat aldı, mənim pulumu isə qəbul etmədi. Mən səbəbini soruşduqda o əsəbləşərək "kefim belə istəyir, yaxşı edirəm" cavabını verdi. Mən isə ona dedim ki, 10 ildir bu yollarda yük daşıyıram, indiyədək mənimlə belə rəftar edən olmayıb, 2 gün əvvəl, yəni 21.05.2015-ci il tarixdə mən bu avtomaşınla Bakı şəhərinə yük apararkən şəxsən sənə 10 manat vermişəm, sən isə məni buraxmısan. Yenə də o əsəbləşərək üstümə qışqıraraq söylədi ki, həmin vaxt almışam, indi isə almıram, yaxşı edirəm, lazım gəlsə səni bu dəqiqə dama da basdıraram. Mən burada işlədiyim müddətdə səni qoymayacağam buradan keçəsən. Mən sənədlərimi ona təqdim etdim, o mənim Tovuz rayonunun Qovlar şəhərindən olduğumu bildikdə daha da əsəbiləşərək mənə 150 manat cərimə yazaraq, eyhamla "sizin də vaxtınıza az qalıb, yaxın vaxtlarda sizlərdən qurtaracağıq" atmacasını atdı. Onun nə demək istədiyini biz başa düşmədik, bilmədik ki, o nə demək istəyir. Orada saxlanılmış "Mersedes” markalı avtomobilin sürücüsü ağsaqqal kişı bizə bildirdi ki, o DYP İdarəsinin rəisi general cənab R.Zeynalovun yaxın vaxtlarda vəzifədən gedəcəyinə işarə vururdu.
Onu da qeyd edim ki, biz 15 ildir ki bu avtomaşınlarla yük daşıyırıq və Yevlax DYP postundan keçirik. Bu müddət ərzində sürücülərlə belə gobud rəftar edən polisə rast gəlməmişik. Elə bir gün olmaz ki, o kiminləsə dalaşmasın. Bunu həmin yoldan istifadə edən bütün sürücülər təsdiq edə bilər.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları dəfələrlə müşavirələrdə dövlət məmurlarına verdiyi ciddi tapşırıq və tövsiyyələrə Yevlax DYP-posundakı məmur Rafiq Yaqubov məhəl qoymur. O. istədiyi formada rüşvət alır, sürücülərlə istədiyi formada kobud rəftar edir. Rüşvət verməyənə isə yüksək məbləğdə cərimələr yazır, narazılıq edənləri isə polislə hədələyir.
Hüquqları pozulmuş minlərlə vətəndaşlardan bir kimi AZƏRBAYCAN RESPUBLİKASININ AİDİYYƏTİ QURUMLARINDAN, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İ. ƏLİYEV CƏNABLARININ tapşırıq və tövsiyyələrini icra etməyən, heçə sayan rüşvətxor məmur haqqında ciddi tədbir götürmələrini xahiş edirik.