Müasir caz musiqisinin klassik muğam mahnıları ilə sintezinə həsr edilmiş film Alman-Azərbaycan Forumu, E-ON, SOCAR və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə çəkilib.
“Das apartment” TV-nin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də “Salnamə” studiyasının birgə istehsalı olan filmdə Azərbaycanda caz və muğam musiqisinin tarixi haqqında məlumat, hər iki musiqi növünün tanınmış ifaçıları ilə müsahibələr verilib.
Filmdə həmçinin Azərbaycanın tarixi və mədəniyyəti, görməli yerləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumatlar öz əksini tapıb.
Filmin rejissoru Klaus Bernhard filmin nümayişindən əvvəl qonaqları salamlayaraq və onun yaranması ideyası haqqında danışıb.
Sonra musiqiçi Şirzad Fətəliyevin rəhbərlik etdiyi Balaban qrupu “Sarı gəlin” xalq mahnısını ifa edib. Filmin nümayişindən sonra tamaşaçılar Azərbaycanda caz və muğam sənəti, eləcə də film haqqında təəssüratlarını bölüşüb.
Filmin təqdimatında Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin digər məsul əməkdaşları, alman ictimaiyyətinin çox sayda nümayəndələri və Azərbaycan Diasporunun təmsilçiləri iştirak edib.
Filmin çəkilişində və ərsəyə gəlməsində Almaniyada yaşayan Azərbaycan diaspor nümayəndələri Parviz Yazdani, Naiba Şirinova, Samira Patzer-İsmailova və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin əməkdaşları iştirak ediblər.