Mayın 19-da Binəqədi rayonundakı 16 mərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər həyatını itirib, xəstəxanalara yerləşdirilənlərdən əksəriyyəti evə buraxılıb, 14 nəfər isə müalicəsini davam etdirir.
Modern.az saytı baş redaktorların hadisəyə münasibətini öyrənib.
“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı:
“Bu, üzücü hadisədir. Başımız sağ olsun. Biz jurnalist olaraq üzərimizə düşəni elədik. Hadisə barədə müvafiq dövlət qurumları ilə bir yerdə operativ məlumatları çatdırdıq. Şayiələrin yayılmasının qarşısını aldıq. Prosesi bu gün də izləməkdə davam edirik. Yəqin ki, sona kimi davam etdirəcəyik.
Hadisə zamanı kifayət qədər insan itkisi baş verib. Ümumiyyətlə, bir insanın itkisi bizim üçün çoxdur. Ən dəhşətlisi isə hadisə zamanı uşaqların dünyasını dəyişməsidir. Hadisə ilə bağlı günahkarların cəzalandırılması ilə bağlı cənab prezident İlham Əliyevin göstərişi var. Əminəm ki, onun nəzarətində də bu proses davam edəcək. Hesab edirəm ki, bu hadisənin günahkarları cəzalandırılacaq”.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov:
“Çox təəssüf ki, belə bir hadisə baş verdi. Hadisə zamanı insan itkisi oldu. Allah ölənlərin hamısına rəhmət eləsin! Əzizlərini itirənlərə baş sağlığı verirəm. Yaralılara isə şəfa diləyirəm. Artıq hadisə olub. Amma dövlət bütün tədbirləri görəcək ki, bu cür hadisələr bir daha baş verməsin. Cənab prezident İlham Əliyev də bu hadisə ilə bağlı öz iradəsini ortaya qoydu.
Hazırda evsiz qalan sakinləri mənzillərlə təmin eləmək, hüzrü düşən insanların yasına kömək eləmək, bu məsələni araşdırıb bir də daha belə halların baş verməməsi üçün tədbirlər görmək lazımdır. Prezident İlham Əliyevin sərəncamı ilə çox yüksək peşəkarlardan ibarət komissiya yaradılıb. Cənab prezident komissiyaya tapşırıq verib ki, qısa müddətdə bu məsələ araşdırılsın. Hesab edirəm ki, cənab prezidentin bütün tapşırıq və göstərişləri tezliklə icra olunacaq. Gələcəkdə belə halların baş verməməsi üçün ən ciddi və təsirli tədbirlər görüləcək. Fürsətdən istifadə edib yanğın zamanı fədakarlıq göstərən insanlara, tibb işçilərinə, yanğın söndürənlərə, xilasedicilərə, bütövlükdə bu işdə vəzifə borcunu vicdanla və məsuliyyətlə yerinə yetirən insanlara da təşəkkürümü bildirirəm”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu:
“Artıq hadisəyə dövlət rəsmilərinin fikirləri bəllidir. Cənab prezident İlham Əliyevin müvafiq əmri var. Əminəm ki, heç bir cəmiyyət bədbəxt bir hadisədən sığortalanmayıb. Bu hadisənin baş verməsi hamı üçün gözlənilməz idi. Eyni zamanda, bu hadisə hamı üçün çox kədərlidir.
Dövlətimiz bir daha vətəndaşlarının yanında olduğunu sübut etdi. Fövqəladə Hallar Nazirliyinin müvafiq şəxsləri də öz vəzifə borclarını kifayət qədər layiqincə yerinə yetirdi. Çox kədərliyik. Həyatını itirənlərin ailələrinə baş sağlığı verirəm. Əminəm ki, görüləcək tədbirlər sayəsində belə halların qarşısı alınacaq. Prezident İlham Əliyevin əmri ilə yaradılan komissiya hər şeyi ortaya çıxaracaq. Səbəbkarlar da mütləq cəzalandırılacaq”.
Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu:
“Dünən Binəqədidə yanan bina əslində, bütün ölkəni alovlandırdı. Alov təkcə yandırmır, həm də işıq salır. Dünən, bu gün alovun yandırmasından, dəhşətindən çox yazdıq. İndi isə “işığına” baxaq: nələrə işıq saldı, nələri göstərdi? Göstərdi ki, hər an ölkədə təxribat törədə bilərlər, yüksək vəzifəli şəxslərin biznes maraqları, aidiyyəti qurumların, təhlükəsizliyə məsul şəxslərin biganəliyi və ya hansısa maraqlara görə, görməzdən gəlmələri dövlətin gördüyü çox böyük işləri qara tüstülərə qərq edə bilər... Çox ciddi məsələdir. İndi hamını maraqlandırır ki, binanın yanması təsadüfdür, yoxsa təxribat, terror? Bütün hallarda hadisənin baş verməsinin kökündə təxribat dayanır. Binaları tez alışan materialla üzləməyin özü dövlətə qarşı təxribatdır”.
"Azadinform" İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev:
“Baş verən hadisə çox ciddi nəticələr ortaya qoymalıdır. Bu gün rəsmi elan olundu ki, 100-dən çox bu tipli bina var, deməli, təhlükə hələ də yüzlərlədir. İlk növbədə, keyfiyyətsiz üzlüklərlə binaları boyayan məmurlara sual verilməlidir ki, törədilən yüzlərlə cinayətə niyə göz yumublar? Daha sonra bu keyfiyyətsiz məhsulları ölkəyə gətirən sahibkarlar cəzalanmalıdır. Prezident İlham Əliyev də bu məsələyə çox ciddi reaksiya göstərdi, günahı olan hər kəsin cəzalandırılacağını bəyan etdi. Hətta bu gün səhər hadisə yerində də oldu. Proseslər göstərir ki, dövlət başçısı özü də çox narahatdır və tez bir zamanda günahkarların cəzalandırılmasının şahidi olacağıq”.