Bakıda binaların keyfiyyətsiz üzlənməsi səbəbindən artıq ikinci bina da alışaraq külə döndü.
Bu ilin 11 aprelində Xətai rayonunda baş verən yanğın binaların üzlüyünə daş əvəzi vurulan materialların nə qədər təhlükəli olmasını ortaya qoydu. Ancaq maraqlıdır ki, hətta həmin SOS siqnalı da, bu işə məsul olan şəxslər üçün yetərli olmadı. Əksinə, binaların sintetik materiallarla üzlənməsi işi davam etdirildi...
İlkin araşdırmalar göstərir ki, binaların ən çox təhlükəli materiallarla üzlənməsi işi Binəqədi rayonunda aparılıb. Bu da nəticə, ikinci bina məhz Binəqədidə yandı və fəsadı daha faciəli oldu. Rəsmi qurumlar ölənlərin sayını artıq 10 nəfərə çatdığını, yaralananların isə 40-ı ötdüyünü bildirirlər.
Hadisə yerində olan Strateq.az-ın əməkdaşı bildirir ki, baş prokuror Zakir Qaralov binada baş verən yanğının ilkin səbəbini üzlük örtüyünün lazımı keyfiyyətdə olmaması ilə əlaqələndirib: "Yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.
Bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.
Artıq bu açıqlama bəzi rəsmilər üçün ciddi siqnal sayıla bilər. Tikinti sektorunda gedən proseslərdən kifayət qədər məlumatlı şəxslərdən biri Strateq.az-a bildirib ki, binaların məhz oda davamsız sintetik materiallarla üzlənməsinin başlıca təşəbbüskarlarından biri elə məhz Binəqədinin icra başçısı, Vergilər naziri Fazil Məmmədovun yaxın qohumu Xaləddin İskəndərov olub.
Hər halda, "Təmiz Binəqədi" devizi adı altında köhnə binaların təhlükəli materiallarla üzlənməsinə Binəqədinin liderlik etməsi bu versiyanın inandırıcılıq əmsalını daha da artırır və böyük ehtimalla bu hadisə Xaləddin İskəndərovu bitirəcək səbəb olacaq. Xaləddin İskəndərovun penoplasta olan bu "məhəbbəti"nin əsl səbəbini araşdırmağa çalışacağıq...
Yeri gəlmişkən, çox güman ki, neçə vaxtdır Vergilər naziri Fazil Məmmədovu sıxışdırmağa fürsət axtaran bəzi oliqarxlar da bu hadisədən faydalanaraq, onun yaxın qohumu Xaləddin İskəndərovun vurulmasında səylərini əsirgəməyəcəklər...