Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Binəqədi rayonunda baş vermiş yanğın Prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub:
“Cənab Prezident yanğının nəticələrinin aradan qaldırılması, zərərçəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib. Hazırda Səhiyyə Nazirliyi yanğından xəsarət almış şəxslərə təcili tibbi yardım göstərilməsi ilə bağlı tədbirlər görür”.
Əli Həsənov qeyd edib ki, cənab Prezident Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib. Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək.
Əli Həsənov deyib ki, Prezident İlham Əliyev yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, həmçinin onların dəfninin və yas mərasimlərinin dövlət hesabına təşkili məsələsini Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıb.
Prezidentin köməkçisi bildirib ki, bu cür hallara yol verilməməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə yaxın gələcəkdə bütün lazımi tədbirlər görüləcək.
Mənbə: AZƏRTAC