“Bakı Avropa Oyunlarında iştirak edəcək şəxslərin sayı dünyanın istənilən mötəbər idman tədbiri ilə müqayisə olunacaq səviyyədədir”
PİA.AZ bildrir ki, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi “Bakı-2015”in açılış mərasimində hansı prezidentlərin iştirak edəcəyi ilə bağlı AzVision.az-ın sorğusunu cavablandırıb.
Bildirilib ki, Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək prezidentlərin və yüksək vəzifəli şəxslərin adları açıqlanmır: “Lakin Azərbaycan tarixinin ən mötəbər idman gecəsində xeyli sayda Beynəlxalq Olimpiya Komitəsi üzvünün, xarici dövlət başçılarının, Avropa və digər ölkələrdən çoxsaylı idman nazirlərinin iştirak edəcəyini gözlənilir. Bu, Azərbaycan və Avropa Oyunları üçün böyük nailiyyətdir.
Biz bütün qonaqların Azərbaycanda xoş vaxt keçirmələrini və ölkənin qonaqpərvərliyi və dostluğu, eləcə də, Olimpiya Stadionunun füsunkarlığı barədə gözəl xatirələrlə ayrılmalarını təmin edəcəyik”.
Komitədən açılış mərasimində iştirakı nəzərdə tutulan xarici müğənnilər barəsində də məlumat verilib: “Açılış mərasimi barədə məlumatları gizli saxlayırıq və hər bir azərbaycanlını da bu sirri qorumağa çağırırıq. Biz açılış mərasimini Azərbaycanda və dünyanın müxtəlif yerlərində izləyəcək milyardlarla insanın bu tamaşadan heyrətlənməsini və təsirlənməsini təmin etmək istəyirik. Buna görə də, heç bir ad yaxud hər hansı detalla bağlı məlumat vermirik və hər kəsin #keepthesecret həştəqindən istifadə etməsini istəyirik. Heç kimə bu sürprizi məhv etməyə imkan verməyin. Dostlarınıza və ailənizə deyin biz bu sirri saxlayacağıq #keepthesecret – bəs siz? Bakıda bir daha ilk Avropa Oyunlarının açılış mərasimi keçirilməyəcək, beləliklə biz hamımız, Azərbaycanın həmin gecə diqqət mərkəzində parlamasını təmin etmək üçün birlikdə hər şeyi sirr kimi saxlamalıyıq”.