Nəqliyyat eksperti: “Tramvay xətlərinin çəkilişi böyük vəsait tələb edir...”
Avropa Oyunları zamanı Bakı sərnişin vağzalı və “Koroğlu” metro stansiyası arasında elektrik qatarı işləyəcək. Metro və xüsusi avtobu’s xətləri ilə yanaşı sərnişinləri daşımaq üçün Olimpiya stadionu, “Atletlər kəndi” və Milli Gimnastika Arenası arasında elektrik qatarları da hərəkət edəcək.
Qeyd edək ki, iyunda Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun yenidən qurulmasının başa çatdırılması planlaşdırılır və bunun sayəsində 40 dəqiqəyə Bakıdan Sumqayıta getmək mümkün olacaq. Xəttə İsveçrədən alınmış kondisioner, WiFi-internetlə təchiz olunmuş qatarlar buraxılacaq. Elektrik qatarlarının yenidən bərpa olunması avtomatik olaraq yada vaxtı ilə rahat şəkildə istifadə etdiyimiz tramvay nəqliyyatını salır.
Paytaxtda tramvaylar 2000-ci ləğv edilib. O zaman əlverişli nəqliyyat növü olan tramvayların birdən-birə sıradan çıxarılması əhalinin narazılığına səbəb olsa da, yenidən bərpa edilmədi. Tramvay xətlərinin ləğvi səbəblərinə gəlincə, yada salaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun tramvay və trolleybusları “köhnəliyin qalığı” kimi təqdim eləmişdi.
Lakin əksər ölkələrində, Avropada tramvaylar işləyir. Hətta əksər şəhərlərdə sürətli tramvaylar fəaliyyət göstərir. Bakıda isə tramvaylar yığışdırıldıqdan sonra onun inkişafı üçün nəzərdə tutulan dəhlizlər sökülərək yerində binalar tikildi. Maraqlıdır, paytaxtda yenidən tramvay xətlərini bərpası mümkündürmü?
Nəqliyyət məsələləri üzrə ekspert İlqar Hüseynli tramvay xətlərinin yenidən çəkilməsinin mümkünsüz olduğunu dedi: “Tramvaylarla bağlı bizim kifayət qədər ciddi problemimiz var. Bu mənada ki, belə xəttin çəkilişi kifayət qədər böyük vəsaiti tələb edən infrastruktur formasıdır. İndiki vaxtda, yəni büdcədə kifayət qədər problemlərin yaşandığı dövrdə tramvayların qurulması, tramvay yollarının yaradılması və bu infrastrukturun formalaşması çox ciddi məsələdir. Yəni çox yaxşı olardı ki, biz zamanında infrastrukturu dağıtmayaydıq. Təbii ki, Bakı Sumqayıt arasında elektrik qatarı xətlərinin, eləcə də Bakı kəndlərinə infrastrukturun bərpa edilib qurulması asandır. Çünki yollar tamamilə dağıdılmayıb. Onun üzərində müəyyən dəyişikliklər və yeniliklər ediləcək. Bu da nəqliyyatın yükünü xeyli azaltmağa xidmət göstərəcək. Amma konkret olaraq tramvayların Bakı şəhəri daxilində bərpası kifayət qədər uzun bir zaman tələb edəcək.
Eyni zamanda bu, çox ciddi maliyyə tələb edən bir məsələdir. İndiki durumda düşünmürəm ki, Bakıda tramvay xətlərinin yenidən bərpası baş tutsun. Həm də artıq yollar qurulub. Yol infrastrukturu formalaşıb. Yəni asfaltlama işləri, yollar arasında ötürücülər yaradılıb. Bu mənada təəssüflər olsun ki, biz tramvayların yenidən bərpası şansımızı itirmişik. BŞİH, Nəqliyyat Nazirliyi çox böyük maliyyə vəsaiti tələb etdiyinə və yenidən dağıntılara, söküntülərə səbəb olacağına görə yaxın zamanlarda tramvay yollarının çəkilməsinin gündəmdə olmayacağında israrlıdır”.
Tramvayın yaranma tarixinə nəzər salsaq görərik ki, 1903-cü ildə Bakıda elektrik tramvay xətlərinin salınması barədə Şəhər Dumasına təklif gəlsə də, onun reallaşması 20 il ləngiyib. Nəhayət, 1922-ci ildə Bakı Soveti layihəni reallaşdıra bilib. Tramvay xətlərinin tikintisinə başlanılıb. Şəhərdə ilk dəfə 1924-cü il fevralın 8-də elektrik tramvay yolu istifadəyə verilib. Bu xətt “Azneft” yolu ilə Dəmir Yolu Vağzalını birləşdirib. İlk tramvay Dəmir Yolu Vağzalına gedərkən bir neçə saat sərnişinlər pulsuz daşınıb ki, bu, Bakıda böyük bayram kimi qeyd edilib. Əgər 1920-ci ildə “konqa” (polad rels xətti ilə işləyən fayton) 9,9 milyon sərnişin aparırdısa, 1925-26-cı illərdə Bakı tramvayları 50 milyondan artıq sərnişin daşıyıb. 1926-cı ilin iyul ayında Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu, 1941-ci ilin dekabrında trolleybus xətti salınıb. 1966-cı ildə tramvay yollarının uzunluğu artıq 102,5 kilometrə çatıb. 80 il Bakı sərnişinlərinə xidmət göstərən rahat, ucuz, təmiz və sürətli tramvaylar 2000-2004-cü illərdə sıradan çıxarılıb. Tramvaylar yığışdırılandan sonra onun relsləri, vaqonları satılıb və ərazisi isə yerlə-yeksan edilib.