“Evimdən silah-sursat tapılması haqda yalan xəbərlər yayırlar. Bular hamısı ağ yalandır”
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə evində silah-sursat aşkar edilməsi barədə yayılan məlumatlara münasibətində deyib.
Onun sözlərinə görə, yazılanlar doğru deyil, belə şey mümkün ola bilməz: “Yazıblar ki, guya polis evimdə silah-sursat aşkar edib. Əgər belə bir fakt varsa, polis gəlib mənə imza atdırsın və desin ki, filan şey olub. Bu mənə qarşı təxribatdır. Mən dindar adamam, evimdə heç vaxt silah olmayıb.
Deyirlər guya polisə çağırılmışam. Heç yerə çağırılıb, dindirilməmişəm. Evində belə bir şey aşkar olunan şəxs çağırılar, dindirərlər. Kəndə gedəndən sonra aydınlaşdıraram, bəlkə gəlib-gediblər xəbərimiz yoxdur. Özüm kənddə qalıram. Bilgəhdə hər kəs mənim evimi tanıyır və elə bir şey ola bilməz. Yalan söhbətdir. Adam belə məlumatlar qarşısında çaş-baş qalır”.
Xatırladaq ki, bu gün Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkarlanması barədə məlumat yayılıb. “Qafqazinfo” onun məlumatına görə, Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb.