İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda bir qrup sahibkara borclu olduğu pulu hələ də vermir. İcra başçısının bu borcu onun köhnə borclarının bir hissəsidir və “ənənəvi xarakterlidir” - Hacıyevin bu borcu da rayonun abadlaşdırılmasından yaranıb. Bu məlumat “Yeni Müsavat”ın redaksiyasına İmişli sakinlərindən biri tərəfindən verilib. Həmin şəxs rayonda orta sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Adının çəkilməsini istəməyən sahibkar bunu ona təzyiq göstəriləcəyi səbəbi ilə etmir.
“Fevralın 12-də prezidentin məmurları, o cümlədən xalqı incidən icra başçılarını hədələməsi də bizim problemimizi həll etmədi. Ölkə başçısı son müşavirədə üstüörtülü şəkildə daha çox İmişlinin icra başçısı Vilyam Hacıyevə barmaq silkələmişdi. Çünki ən çox narazılıq məhz ondan gəlirdi. İş hətta o yerdədir ki, Vilyam Hacıyevin qardaşı, digər qohumları da ondan narazıdır. Müşavirədən artıq bir aydan da çox vaxt keçib. Amma İmişlidə sakinlərin problemləri hələ də həll olunmamış qalır. Düzdü, o müşavirədən haradasa iki həftə sonra icra başçısı müəyyən gedişlər elədi. Hacıyev martın 1-də belə xəbər yaydırdı ki, İmişli sahibkarlarından alınan 586 min manat geri qaytarılıb, rayonda sahibkarlarla bağlı problemlər öz həllini tapıb. Həmin xəbərdə deyilirdi ki, Vilyam Hacıyev sahibkarlara olan 586 min manat borcunu ödəyib. Yəni İmişlidə abadlıqla bağlı apardığı tikinti işlərinin dəyərinə görə iş adamları Müqayis Verdiyevə 400 min, Samir Xəlilov və Yaqub Babazadəyə birlikdə 136 min, Maşallah Əhmədova isə 50 min manat borc ödənilib. Borcun ödənməsi haqda akt tərtib olunub, iş adamları da borcun ödəndiyinə dair izahat yazaraq heç bir şikayət və tələblərinin olmadığını bildiriblər. Bunu bildik. Bəs icra başçısının bizə olan borcları nə olsun? Onlar nə vaxt ödəniləcək?” - deyə İmişlidən olan sahibkar sual edir.
İş adamının sözlərinə görə, rayonda məlum qalmaqallı abadlıq və təmir-tikinti işləri gedərkən rayondakı tikinti materialları mağazalarından on min manatlarla dəyəri olan material alınıb, amma pulu ödənilməyib ki, bu işlər qurtaran kimi verəcəyik: “Amma bizə indiyədək bir qəpik də ödənməyib. Vilyam Hacıyev hazırda İmişlidə üst-üstə 30-dək mağazaya borcludur. Elə sahibkar var ki, ona 19 min, eləsi var 12 min, eləsi də var ki, 9500 manat borcludur. Hamısından nisyə mal götürüb pulunu vermirlər. İlkin hesablamaya görə, icra başçısının yerli sahibkarlara, əsasən də mağaza sahiblərinə 180 min manatdan çox borcu hələ də qalır. Pulumuzu istəyəndə də bizi gah hədələyir, gah da deyirlər ki, mağazalara olan borclarımızı da o 586 min manatın içində ödəmişik, pulunuzu gedin o 586 mini alanlardan istəyin. Yaxşı, bəs biz o pulu alan iş adamları Müqayis Verdiyevi, Samir Xəlilovu, Yaqub Babazadə və Maşallah Əhmədovu haradan tapaq?! Hamısı pulunu aldı, çıxıb getdi Bakıya, Gəncəyə, öz iş-güclərinin dalınca. Bir də ki, axı biz malı onlara verməmişik. Biz həmin tikinti materiallarını icra başçısının adından gələn şəxslərin tələbi ilə nisyə vermişdik...”
Qeyd edək ki, V.Hacıyevdən narazılıq təkcə bu məsələ ilə də məhdudlaşmır. İmişlidən aldığımız digər xəbərdə deyilir ki, icra başçısı rayonda olub-qalan ağacları da kütləvi şəkildə qırdırır. Rayon mərkəzi xəstəxanasının qarşısındakı, Heydər parkının qurtaracağındakı, eləcə də şəhərin mərkəzində yol boyu uzanan çoxillik ağaclar ucdantutma kəsilir. İddialara görə, icra başçısı ağaclardan təmizlənən ərazidə özünə hotel tikdirmək istəyir. Yol qırağındakı ağaclar isə başçının təzə tikdirdiyi hasarların daş üzü yaxşı görünsün deyə qırılıb məhv edilir. Bundan əlavə, V.Hacıyev rayon mərkəzində yaşayan sakinlərə məxsus darvazaları zorla sökdürüb. Səbəbini də belə izah edib ki, onların hamısı yenilənməli, milli üslubda olmalıdır. Amma sökülən darvazaların yerinə yeniləri hələ də qoyulmayıb.
Bütün bunlar da rayonda istər iş adamları, istərsə də sıravi insanlar tərəfindən kəskin etirazla qarşılanır. Ondan narazı olanlar təkcə İmişli sakinləri də deyil. İş o yerə çatıb ki, V.Hacıyevin hətta doğmaca əmisi oğlu, partiya sədri Hafiz Hacıyev də etiraz səsini ucaldıb. O, veten.info saytına verdiyi açıqlamada deyib: “Vilyam Hacıyevlə bağlı ən yaxşı qərarı cənab prezident verəcək. Az qalıb, o, hərəkətlərinin qarşılığını görəcək”.