Və içimdəki intizar uzun sürmədi. Təsadüf elə gətirdi ki, iştirakçısı olduğum ilk proses son dərəcə təhlükəli bir residivistin cinayət əməlinin təftişinə, araşdırılmasına hərs olundu: Adam həyat yoldaşını balta ilə tikə-tikə doğrayaraq düz 2 həftə evindəki soyuducuda saxlamışdı. Uzun zaman kəsiyində də heç bir iz-filan buraxmamışdı. Əksinə, kimsə şübhələnməsin deyə, hər gün eyni qaydada işə gedib-gəlmiş , üstəgəl param-parça etdiyi qadının meyidi ilə eyni evdə yaşamışdı…
Və budur, onu artıq gətiriblər. Qarşımızda nəinki doğmasını, heç qarışqanı belə incitməsi mümkün olmayan bir insanın tablosu var. Həm də yazıq, günahkar bir tablo. Əllərini dəmir barmaqlıqlara çırpıb ağlayır. Dünyanın ən məsum simasını alıb. Ağzından da bir kəlmə düşmür ki, düşmür - Allah kəməsi!
Törədilən cinayətin xronoloji ardıcıllığı isə belədir: Qadın ilk öncə yatdığı yerdə sinə nahiyəsindən 3 bıçaq zərbəsi alır. Can verən ərəfdə hər iki gözü çıxarılır. Daha sonra balta ilə başı kəsilir və yataq otağında bədəninin bütün hissələri tikə-tikə doğranır. Ardınca da bu cinayəti törədən qatilin məhkəmə salonunda durmadan Allahdan danışdığını təsəvvür edin…
Gerçəkdən çox amansız, vahiməli bir mənzərə idi. Heyrətimdən donub qalmışdım və yəqin ki yanımda əyləşən soyuqqanlı konvoy qulağıma bir şeylər pıçıldamasaydı hələ uzun-uzadı o durumdan çıxa bilməyəcəkdim: “Heç təəccüblənib eləmə qardaş. Bunları hamısı belədi. Qəfəsə düşən kimi mələk cildinə girirlər. Odeyy, o gün Rəhim Qaziyevi də elə bu salondaca mühakimə etdilər. Dövşan sifəti almışdı. Elə danışdı, elə bulbul təki ötdü ki, kənardan baxan elə bilərdi vətəni bu yox, biz satmışıq. İnan Allaha, bütün danışdıqları ancaq şərəf, ləyaqət, mənəviyyat haqqda idi. O adamın dilindən başqa bir şey eşitmədik”
***
Yalan və ya gerçək olduğunun babalını yuya bilmərəm, amma deyilənə görə rəhmətlik Elçibəy idarəetmə sisteminə əl gədirmək üçün vitse-prezident postu yaratmaq istəyirmiş. Söhbət də gedib çatır həmin vaxtın ərköyün və isterik “cocuğu”olan Rəhimin qulağına. O da eləmir tənbəllik, bir baş şığıyır Prezidentin otağna ki, a bəy eşitmişəm belə söhbət var, de görüm mənim niyə xəbərim yoxdu?! (o məqamda müdafiə nazirinin stol üstündəki külqabını əsəbindən yerə çırpdığı da söyləninənlər sırasındadır)
Bir də, Qazıyevin Milli Məclis önündə keçirilən mitinqdə Əbülfəz bəyin nitqinə imkan vermədiyi anı xatırladım(bu video “Youtube”də var). O da kuryoz səhnədir. Bilinmir aralarında Prezident olan kimdir. Və ya öz rəhbərinin yanında bu qədər təkəbbür, özünə vurğunluq nümayiş etdirə biləcək naziri çox güman tarix hələ( Rəhim istisnası ilə) bu günə qədər yetişdirməyib. Hərçənd tamamən öz günahları di. Orta məktəbin riyaziyyat müəllimini anidən gətirib nazir təyin edərkən başqa nəticə gözləməyə dəyməzdi. Ələlxüsus da Rəhim kimisinin timsalında..
Və nəhayət, Heydər Əliyevlə olan məhşur Parlament dialoqu: Rəhim orda da başından yekə danışır, bütün yaşamı boyunca hərfi mənasına belə vara bilmədiyi dövlətçilikdən dəm vurur, hikkəsini boğa bilmir. Fəqət bəs-bəlli bir həqiqəti unudaraq: Bu dəfə qarşısında başqa biridir! İndiyə qədər gördüklərinə heç bənzəməyən biri! Hər kəsə layiq olduğu yeri göstərəcək biri! - Heydər Əliyev!
***
Düzdür, çoxumuzun şahidlik etdiyi zaman axarında qanun və siyasət Qaziyevin ağız payını yerindəcə verdi. Amma hər şeyə rəğmən bu şoumeni, populisti, hərdəm-xəyal siyasətçini girmiş olduğu qəlibdən, sahib olduğu xislətdən çıxara bilmədi ki, bilmədi…
İllərdir səbatsız bir ifada sərgilənmiş olan ucuz “tryuk”ların, MÜRACİƏTLƏRİN, “qeyrət demarş”larının, lotu jarqonlu “müamilə”lərin beynimizi durmadan dəng etməsi də elə bu səbəbdəndir..
Oysa, Rəhimə bir daha xatırladılması gərəkən çox ciddi məqamlar var:
Rəhim!
Əvvəla, Qarabağ torpaqlarının düşmən tərəfindən işğal faktı böyük zaman ayrıcalığı ilə kimin Prezident, kimin dövlət katibi, kimin spiker, kimin də Müdafiə naziri olduğu dövrə təsadüf edir, yəqin bunu xatırlatmağa ehtiyac yoxdur. Və sən də daxil - təmsil olunduğun bütün komanda üzvlərinin siyasət libasına ömürlük pərçimlənmiş olan həmin iyrənc ləkə hansı intriqaların, “razborka”ların, ambisiyaların sonucu idi, bu da uzun fasilədən sonra bizləri heç ilgiləndirməz. Hansısa şərəfsiz rus generalının anasının yas mərasimində nə hoqqalar çıxardığın, hönkür-hönkür ağladığın, ya da nə bilim Şuşada qırğın – qiyamət gedərkən ətraf rayonların birində kef məclisi qurduğun-badələr qaldırdığın, millətin dəyərli övladları ön cəbhədə on-on, yüz-yüz tələf olarkən, “sui-qəsd”şousu düzənləyib naməlum kimliyin ətrafında qəhrəman obrazı yaratdığın da öz vicdaına qalsın…bunda da işimiz yox! Amma lütfən illərdir bu millətin sənə ünvanlamış olduğu sualların bircəciyini cavablandır: - Hanı Şuşa?! Verilməməsi, verilməsindən daha çətin, daha müşkül olan Şuşa hanı? Ya da Laçın, Kəlbəcər? – Bu rayonlar addım atıb özümü keçdi erməni tərəfə?
Sən və sənin kimilərin ucbatından başsız, böyüksüz qalan, doğulduğu gündən “ata”kəlməsinin nə olduğunu bilməyən, sevincə, sevgiyə, qayğıya yadırğayan körpələrin fəryadı heçmi göynətmədi Səni? Heçmi yuxuna girmədi nigaran ruhlar? Heçmi xatırlamadın Çingiz Mustafayevin kövrək səsini?
Bu pafoslarınla ən çox bilirsənmi kimi xatırladırsan?- Rüstəm İbrahimbəyovu. O da eynən sənin kimidir: 70-in astanasında anidən yadına düşüb ki, bəs demə vicdan üçün tövbə qapıları sifariş vermək gərəkirmiş. Öz də çox bahalı qapılar. O qədər bahalı ki, hətta behini ödəmək üçün belə, gərək Vergilər Nazirliyinə bir-iki fırıldaq gələsən. Dalı da ki, Allah-Kərim. Alınmayanda da alınmasın. Uzaq başı dünyanın o biri başından fil boyda müraciət güppüldədəcəksən ki, vıcdan qapılarımın hazır olmaması səbəbindən içimdə inanılmaz “skvaznyak” var. (deyilənə görə bu hava kütləsi hətta böyrək daşını belə tərpətmək iqtidarındadır) Və bu səbəbdən də dürüstlüyümə, qəhrəmanlığıma fasilə verirəm!
Qısaca, təxminən sənin Ali Baş Komandana vətəndaş xitabı ilə ünvanladığın sərsəm müraciətə bənzər bir şey…
Tək bir sitat gətirib o mətnin üzərindən ötəcəm: “Artıq ərşə dayanan zülmün və zillətin qarşısında vicdanımın məni rahat buraxmadığını hiss elədim və belə bir şəraitdə susmağın özünün də, əz azı sizin və qudurğan məmurlarınınzın bitib-tükənmək bilməyən nəfsinə, harınlığına, eləcə də illərdi ki, artan xətlə davam edən cinayət xarakterli əməllərinə şəriklik qədər ağır günah olduğunu dərk elədim...”
Ay səni - VİCDAN! Rəhimin də dilinə-dişinə düşdün ha, daha kimsə sən adda kəlməni ağzına almaz…
***
Özünüifşanın anatomiyasıdır bu:
Eyvana çıxıb siqaret çəkmək, qapısının ağzından evinə çörək almaq üçün belə özündə üz qoymayanlar, gözləmədiyin anda fəlsəfə, mənəviyyat , dürüstlük xırdalamalarına keçəcək
Çoxdan ölüb yerə girməsi gərəkənlər , əcəli belə özündən iyrəndirib tam yeni nəfəsdə, fəqət köhnə avazda zühur edəcək…
Bütün kəlmələr, bütün səslənişlər də fəzaya KİŞİLİK tramplinindən qalxacaq. Hətta o həddə qədər qalxacaq ki, “K”hərfi utandığından aşağı qanadını yerin dibinə soxub “raqatka”ya bənzəyəcək…
***
Ən sonda…
Heç yadımdan çıxmaz, yas məclisində idik. Uzaqdan tanıdığım biri camaatı öz ətrafına toplayıb Qarabağ döyüşləri vaxtı necə minaya düşməsindən danışırdı. (sonradan belə bir hadisənin ümumiyyətlə baş vermədiyi və adamın hər şeyi özündən uydurduğu məlum oldu) Əlqərəz, söhbət o qədər uzandı ki, hər kəsin hövsələsi daraldı və həmin an yanımızda əyləşən bakılı qardaşın bu hap-gop ustasına ünvanladığı tarixi sual inanılmaz yerinə düşdü: “Qədeş, buralarını bildiy e..Sən bizə lap axırını danış, əsas yerlərini. Məsələn, de görey mina partladı ya yox? Öldün yoxsa ölmədin? Qalan şeylər bizim nəyimizə lazımdır e…havayı yerə danışıb vaxtımızı aparırsan”
P.S İndi misalı sənə yaxın - Rəhim Qaziyev. Şuşa gedərsə başına güllə çaxacağını demişdin. Sonradan da it-bata düşdün, xəbərin-ətərin gəlmədi.
Gülləni vura bildin, yoxsa?!