Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Milli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, YAP Nərimanov rayon təşkilatının sədr müavini Nazim Sadıqov, Dövlət Agentliyinin əməkdaşları, YAP-a yeni üzv olan gənclər və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə əklil və çiçək dəstələri qoyublar.
Tədbiri Dövlət Agentliyinin sədri İnam Kərimov giriş sözü ilə açaraq dahi şəxsiyyət, ulu öndərin ölkəmizin çətin zamanlarında Azərbaycanın xilaskarı olduğunu və ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb. Həmçinin Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində əvəzedilməz rol oynadığını qeyd edib.
Bundan başqa, İnam Kərimov ölkə başçısının təşəbbüsü ilə yaranan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət məqsədləri barədə məlumat verib, bu konsepsiyanın dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğunu bildirib.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də çıxış edərək dahi şəxsiyyət və siyasi lider kimi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan geniş söhbət açaraq Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu siyasətinin bütün sahələrdə dövlətimizin təhlükəsizliyini tam təmin etdiyini vurğulayıb.
Daha sonra tədbirdə qeyd olunub ki, 4000-ə yaxın gənc “ASAN xidmət” mərkəzlərində könüllük ailəsinin üzvüdür və könüllülər faəliyyətə başladığı gündən etibarən ölkəmizdə dövlətçilik və vətənpərvərlik, siyası kursa sadiqlik və fərdi inkişaf sahəsində uğurlu layihələrə imza atıb.
Tədbirin gedişatında Heydər Əliyev adına könüllü qrupu tərəfindən hazırlanmış, ulu öndərə həsr olunan video təqdimata baxılıb və təqdimat auditoriya tərəfindən maraqla qarşılanıb.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan gənclərə vəsiqələr təqdim olunub. Partiyaya yeni üzv olmuş Dövlət Agentliyinin əməkdaşı Çinarə Hacıyeva çıxış edərək “ASAN xidmət” mərkəzlərində çalışan əməkdaşların böyük əksəriyyətinin gənclərin təşkil etdiyini və onların ən vacib vəzifəsi kimi ölkə başçısının ətrafında birləşərək onun apardığı siyasi kursu dəstəkləmək olduğunu bildirib.