Azərbaycan Prezidenti İlham Əliyevin birinci Avropa Oyunlarının Bakıdakı Atəşgah məbədində alovlandırdığı məşəli respublikamızın bölgələrini dolaşaraq mayın 9-da qədim Beyləqan şəhərinə gətirilib.
AzVision.az-ın məlumatına görə, şəhərin qərb girişində məşəlin təntənəli qarşılanma mərasimi olub. Minlərlə beyləqanlının alqış sədaları altında Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi Əli Sarıyev birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürüb. On məşəlçi 3,1 kilometr məsafədə yürüşə başlayıb. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Magistral, Sərdar İmrəliyev küçələri və Heydər Əliyev prospektindən keçərək Ulu Öndərin adını daşıyan Mərkəzi Parka gəliblər. “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin sərbəst güləş üzrə məşqçi müəllimi Nofəl Hüseynov məşəli burada qurulmuş səhnəyə qaldırararaq kasanı və çırağı alovlandırıb. Birinci Avropa Oyunlarının sonuna qədər şəhərdə yanacaq çırağı isə 1 nömrəli tam orta məktəbin şagirdi Fatimə Kazımlı rayon ictimaiyyətinə təqdim edib.
Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Məşəl Heydər Əliyev Parkına gətirilərkən tədbir iştirakçıları daha bir əlamətdar hadisənin – yeni ailə quran iki gəncin nikah mərasiminin də şahidi olublar. Rayonun Birinci Aşıqlı kənd sakinləri Qadir Paşayevlə Əsmayə Paşayevanın nikahı rəsmiləşdirilib.
Estafet iştirakçılarını böyük coşqu ilə qarşılayan rayon sakinləri arasında gənclər üstünlük təşkil edirdi.