Azər Qismət
Əsgərlik xidmətimi başa vurandan sonra bir qəzetdə işə düzəldim. Məvacibimiz pis deyildi. Amma çox hörmət etdiyim redaktorumuz dedi ki, “məvacibiniz daha da çox ola bilərdi, əgər Xoşqədəm ortaya çıxmasaydı”. Düşündüm ki, Xoşqədəm hara, biz hara? Məlum oldu ki, bizə pul ayıran sponsor (hazırda xaricdə yaşayır – müəllif.) Xoşqədəm Hidayətqızının “Üç nöqtə” qəzetinə də yardım edir. Yəni, Xoşqədəmin qəzetinə pul ayrılmasaydı, sponsorun pulları ancaq bizə yönələr, biz də Bağdadda xəlifəlik edərdik. Beləliklə, içində mən olmaqla redaksiyanın əməkdaşları səhər işə gələndən, axşam evə gedənə qədər Xoşqədəmin qarasınca deyinirdik. O ortaya çıxmasaydı, biz də özümüzə gün ağlayar, ev-eşik qurardıq. Hətta onun şəklini axtarıb tapdım ki, görüm çörəyimizə bais olan insan kimdir axı? Nə istəyir bizdən? Sonralar başa düşdük ki, onun burada heç bir günahı yox imiş. Hərənin bu həyatda öz qismət payı var.
Xoşqədəmi həyatda iki dəfə görmüşəm. Birinci dəfə “Press Klub”da keçirilən redaktorların yığıncağında, bir də onun redaksiyasında. “Üç nöqtə” qəzetində işləyən dostum Rəşadın yanına getmişdim. Bu vaxt Xoşqədəm öz otağından çıxıb “xoş gəlmisiniz” dedi, şəxsiyyətimə qarşı böyük hörmət bəslədiyini, çay təklif etdi. Vəssalam. Bir neçə ildən sonra onu televiziya ekranında görəndə təəccübləndim. Çünki ömür boyu qəzetdə çalışan bir şəxsin televiziya sahəsində işləyə biləcəyinə inanmadım.
Beləliklə, neçə illər əvvəl televiziya ekranında anons getdi ki, bəs Xoşqədəm Hidayətqızının hazırladığı “Səni axtarıram” verilişi ekranlara çıxacaq. Doğrusu, biz televiziya jurnalistləri hansısa verilişi hazırlamazdan əvvəl onun ömrünün neçə müddət çəkəcəyi barədə əvvəlcədən qeydlər aparırıq, bəzən mövzuları aylar üzrə paylaşdırırıq. Yeni proqramın anonsu gedəndə dostlarıma dedim ki, “veriliş uzunmüddətli olmayacaq, çünki biz balaca ölkəyik”. Bu balaca ölkədə nə qədər itən adam var ki, hələ onu axtarasan da. Belə tipli veriliş Rusiyada ona görə alındı ki, həmin ölkənin bu başından o başına getməyə adamın canı çıxır. Yəni, ucu-bucağı görünmür.
“Səni axtarıram” efirə çıxanda dostlarla mərcə də gəldik ki, 6 buraxılışdan sonra bağlanacaq. Ancaq 7-8-9-cu buraxılışlar ekrana çıxanda anladım ki, aparıcı uzağı görməyi bacarır və uzunmüddətli strategiya qurub. Onda dedim: Təzə İqor Kvaşa bizə xoş gəlib”. Mariya Şukşina da öz yerində.
Xoşqədəmin verilişində ekspert qismində çıxış edən bəzilərinin pafoslu danışıqlarını, itənləri-itirənləri ağ yuyub qara sərmələrini, Dədə Qorqud kimi məsləhət vermələrini, müstəntiq kimi sorğu-suala tutmalarını, qışqıra-qışqıra vicdan dərsi keçmələrini kənara qoyuram. Burada verilişin peşəkarlıqla hazırlanmasını, heç bir “xaltura”ya yol verilməməsini vurğulamaq istəyirəm. Televiziya işçiləri öz aralarında “xaltura”nın nə olduğunu yaxşı bilirlər. Bir qonaq çağırırsan, veriliş boyu söhbət edib yola verirsən. Yaxud, kadr arxasında bir cümlə deyib, 10 dəqiqəlik sinxron verirsən.
“Səni axtarıram” verilişində isə aparıcı və yaradıcı heyət bəzən 3 ailəni sevindirir. Halbuki o da bir ailənin üzərində dayanıb verilişi başa vurar, necə deyərlər var-gəl edib fırlanar. Amma bir verilişdə neçə nəfərin tapılaraq qovuşdurulması, bax, bu gərgin əmək deməkdir, peşəkarlıqdır, işə yandırılan sevgidir. Azərbaycanın rayonlarını dolaşıb sonra Rusiyaya, İraqa, postsovet ölkələrinə getmək, axtarmaq və axtarmaq. Təsəvvür edin bir adamın axtarılması üçün həmin ölkəyə sorğu göndərirsən, necə müddətdən sonra oradan cavab gözləyirsən, viza məsələləri, təyyarə uçuşları, qərib ölkədə çəkiliş, yenidən Vətənə qayıdış, ağır montaj, əzizlərini itirənlərin göz yaşları və növbəti buraxılış. Bəzən tamaşaçıya elə gəlir ki, veriliş göydən hazır vəziyyətdə düşür və Xoşqədəm gəlib hazırına nazir olur. Yox, bu tipli verilişin hazırlanması gərgin əməyin nəticəsində mümkündür.
Mən facebook səhifəmdə “Səni axtarıram” verilişi barədə zarafat xarakterli statuslar yazmışam, demişəm ki, sabah yeni iş həftəsi başlanır, amma Xoşqədəm camaatı ağladır. Düzdür, bu verilişin daimi tamaşaçısı olmasam da, bircə onu bilirəm ki, minlərlə insanın gözü o verilişi axtarır.
Və sonda bir məsələ barədə. “Səni axtarıram” verilişini ANS qəbul etməsəydi, onun ömrü yarıda kəsiləcəkdi. Yaxşı ki, ANS bu addımı atdı. Çünki hələ itkin düşən adamlarımız bu verilişin yolunu gözləyir.
Xoşqədəmin xarakteri, şəxsi həyatı məni maraqlandırmır. Amma bu adam peşəkardır. Bu veriliş onun içindən gəlir, orada özünü yaşayır, savab qazanır. Qoyun, öz verilişi ilə yaşasın. Həm də itkin düşənlər tapılsın.