Ötən həftə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən III Qlobal Bakı Forumunun nəticələrinə həsr olunan material hazırlanıb.
“Qafqazinfo” həmin təhlili olduğu kimi təqdim edir:
“Olduqca geniş bir coğrafiyanı əhatə edən (78 ölkə) və 400-dək nümayəndənin qatıldığı bu beynəlxalq səviyyəli tədbirin əhəmiyyəti yalnız onun formatı və tərkibi ilə bağlı deyildi. Əlbəttə bu toplantıda dünyanın nüfuzlu siyasətçilərinin, dövlət adamlarının iştirakı onun əhəmiyyətini artıran önəmli faktorlardan biri idi. Bu Azərbaycanda keçirilən azsaylı toplantılardandır ki, Devid Kameron, Angela Merkel kimi dünya miqyaslı siyasətçilərin, deməli həm də onların timsalında böyük dövlətlərin də marağına səbəb olmuşdur. Hər iki şəxsin foruma müraciət göndərməsi bunu təsdiq edir. Lakin forumun əhəmiyyətini artıran və ona beynəlxalq məzmun gətirən əsas amil müzakirə olunan məsələlərin qlobal xarakteri idi.
Azərbaycanın son illərdə yürütdüyü xarici siyasətin əsas strateji hədəflərindən biri mövcud şərtlər və imkanlar daxilində qlobal siyasətin regionda əsas aktorlarından birinə çevrilməkdir. Bir daha vurğulayaq ki, mövcud şərtlər və imkanlar çərçivəsində. Təbii ki, Azərbaycan super güclərin, yaxud digər böyük dövlətlərin roluna iddia edə bilməz. Ancaq ölkənin müstəqil bir dövlət kimi dünya siyasi səhnəsində öz yerini daha da möhkəmləndirməsi üçün passiv seyrçi mövqeyindən imtina edərək, qlobal proseslərin fəal iştirakçısına çevrilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Rəsmi Bakının xarici siyasətində bu strategiyanın elementləri açıq-aşkar nəzərə çarpır. III Qlobal Bakı Forumu məhz bu strategiyanın nəticələrindən biri kimi qiymətləndirilə bilər.
Forumda dünyanı narahat edən bütün zəruri məsələlər ayrı-ayrılıqda müzakirə olunub: etnik və ərazi münaqişələri, beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın yaradılmasına ehtiyac, insan hüquq və azadlıqları, qadınlara qarşı zorakılığın qarşısının alınması, dünyada ədalətin bərqərar edilməsi zərurəti və s. Forumun baş müzakirə mövzusu "Yeni dünya düzənində etimadın yaradılması" kimi təqdim olunmuşdu. Bu, tədbirin bütün mahiyyətini və məqsədini ifadə edən əsas tezis idi. Beynəlxalq münasibətlər sistemində böhranın mövcudluğu bir faktdır və bu fakt bütövlükdə dünyada sülhü, təhlüksizliyi təhdid etməkdədir. Son illərin hadisələri, Yaxın Şərqdə, Ukraynada, Gürcüstanda və eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verənlər məhz beynəlxalq münasibətlərdə yaranmış böhranın fəlakətli nəticələridir. Bunu bir çox nüfuzlu siyasət və dövlət adamları da dəfələrlə etiraf ediblər. Elə bu Forumda BMT-nin keçmiş baş katibi Butros Qalinin BMT-ni əvəz edə biləcək yeni beynəlxalq təsisatın yaradılmasınn vacibliyi barədə çağırışı vəziyyətin nə qədər ciddi və narahatedici olduğuna açıq işarədir. " Ümidvaram ki, Bakı Forumu texnoloji inqilaba görə baş verən kəskin dəyişiklikləri, BMT-nin artıq köhnəlmiş bir təşkilat olması faktını və yeniliklərə ehtiyac duyduğunu nəzərə almağa kömək edəcəkdir və ümid edirəm ki, Bakı Forumu bir çox digər beynəlxalq konfranslara kömək edəcəkdir və yeni ideyalar üzərində texnoloji inqilabın hansı təsirlərə malik olduğunu nəzərə alaraq beynəlxalq ictimaiyyəti yeni ideya və konsepsiyalarla təmin etmək üçün bir növ mədəni mərkəz rolunu oynayacaqdır."
Biz təqribən eyni tezisi Almaniyanın Federal kansleri A.Merkelin də müraciətində görə bilərik: "Dünya nizamı yetərincə çevik olmayıb. Əlbəttə, gələcəkdə onun davamlı inkişafı önəmlidir. Biz ondan sui-istifadə etməməliyik. Bunu yalnız ümumi dialoq şəklində etmək mümkündür".
Böyük Britaniyanın Baş naziri Devid Kameron də öz müraciətində yeni dünya düzənində etimadın yaradılmasını mühüm məsələ kimi qiymətləndirir: "Forumun məqsədi etimadın yaradılmasıdır. Müasir dünyada indiki təhdidləri nəzərə alsaq, onların həlli üçün belə Forumun məqsədi çox önəmlidir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və açıq cəmiyyətlərin qlobal Forumunun beynəlxalq əməkdaşlığın, ən əsas təhlükəsizlik məsələlərinin, çağırışların həll olunması sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirirəm".
Hər üç liderin müraciətində ifadə olunan narahatlığın mənbəyi demək olar ki eynidir: dünyada həqiqi və davamlı edimadın yaradılmasına ciddi ehtiyac duyulur. Forumdakı çıxışlarda da eyni məzmunlu çağırışlar dəfələrlə səsləndi. Bu həm də onun təsdiqidir ki, yaşadığımız müasir dünyada qarşılqlı etimad problemi var və bu problem bütün digər gərginliklərin əsas mənbəyi olaraq qalır.
Yeni dünya düzənində etimadın yaradılmasının ən vacib şərti heç şübhəsiz ki, ədalətin bərqərar edilməsidir. Bu gün dünyanı narahat edən əsas məsələ də elə bundan ibarətdir: beynəlxalq ədalətin pozulması. Bu baxımdan belə bir qlobal əhəmiyyətli problemin məhz Azərbaycanda müzakirə edilməsi, yaxud daha dəqiq desək Azərbaycanın bu müzakirə üçün yeni platforma yaratmaq təşəbbüsü ciddi siyasi məna daşıyır. Azərbaycan 25 ildir ki beynəlxalq ədalətin olmamasından əziyyət çəkir: ərazisinin 20 faizi işğal olunub, onminlərlə vətəndaşı qətlə yetirilib, bir milyondan çox məcburi köçkünü var, Xocalı kimi dəhşətli bir soyqırımına məruz qalıb. Lakin bütün bunların müqabilində təcavüzkarın və işğalçının cəzalandırılması üçün beynəlxalq birlik hələ də konkret təsirli addımlar atmır. Dünyada beynəlxalq ədalətin təmin olunmasına birbaşa məsuliyyət daşıyan və bununçün 200-ə yaxın dövlətdən mandat almış BMT-nin 4 qətnnaməsi 22 ildir ki yerinə yetirilmir. Başqa sözlə desək Azərbaycan beynəlxalq ədalətsizlikdən əziyyət çəkən ölkələrdən biridir. Prezident İlham Əliyev də Forumdakı nitqində bu narazılığını çox açıq şəkildə ifadə etdi: "Dünyanın ən aparıcı beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə biz aydın şəkildə bildirdik ki, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Təəssüf ki, beynəlxalq hüquq artıq heç də bütün dövlətlər tərəfindən hörmət olunan məfhum deyil. Bir daha təəssüf edirəm ki, artıq bu reallıqdır. Belə bir təsəvvür yaranır ki, beynəlxalq hüquq yalnız kifayət qədər güclü olmayan ölkələrə mütləq şamil edilir və onlar digər vasitələrlə məqsədlərinə nail ola bilmirlər".
Göründüyü kimi, Azərbaycan beynəlxalq ədalətin olmamasından ciddi şəkildə narahatdır və bu narahatlığını hər fürsətdə ən yüksək səviyyədə açıq şəkildə ifadə edir. Lakin Azərbacan bu problemlə yalnız Dağlıq Qarabağ məsələsinə münasibətdə qarşılaşmır. 70 il ərzində Sovetlər ittifaqının tərkibində təzyiq və təhdid altında yaşamış bu kiçik Şərq ölkəsi indi yeni bir problemlə qarşı-qarşıyadır. Qısa müddət ərzində dövlətçiliyini möhkəm təməllər üzrinqə qurmağa müvəffəq olmuş, karbohidrogen ehtiyatlarını xalqının rifahına, iqtisadiyyatın çiçəklənmısinə və regionda, eyni zamanda dünyada siyasi nüfuzunu artırmağa yönəltmiş Azərbaycan indi Qərbdən tez-tez səslənən qınaq və tənqid ritorikalı bəyanatlara cavab verməyə xeyli vaxt sərf etməli olur. "İnsan hüquqları", "mətbuat və söz azadlığı" kimi Qərbdə kiçik dövlətlərə təzyiq vasitəsi kimi olduqca populyar olan anlayışlar Azərbaycana qarşı səsləndirilən bəyanat və hesabatların əsas məzmununu təşkil edir. Azərbaycan bundan narahatdır. Ancaq ona görə yox ki, bu qərbsayağı ritorika real problemlərə istinad edir, məhz ona görə ki, bu tendensiya tamamilə qərəzli xarakter daşıyır.
Azərbaycan növbəti dəfə ikili standartlarla qarşılaşır, faktiki olaraq konkret cinayətlərdə ittiham olunan QHT nümayəndələri və ya jurnalistlərlə bağlı hüquq mühafizə orqanlarının atdığı qanuni addımlar ölkəyə təzyiqlər üçün əndazəsiz bir formada istifadə olunur. Baxmayaraq ki, bu ittihamları səsləndirən və ümumiyyətlə insan hüquqlarını xarici siyasət predmetinə çevirən bir çox Qərb dövlətlərində hüquq-mühafizə orqanlarının adi etiraz aksiyalarında nümayiş etdirdiyi sərt davranış tənqidə daha çox layiqdir. Bu ölkələrin bəzisində bu cür aksiyalar hətta adi vətəndaşların qətli ilə nəticələnir, qanunsuz, yaxud icazəsiz təşkil olunan istənilən kütləvi tədbirlər xüsusi qəddarlıqla dağıdılır. Lakin bu faktların heç biri Qərb dövlətlərinin və ya onların himayə etdiyi təşkilatların hesabatlarında, bəyanatlarında xatırladılmır. Bu isə beynəlxal münasibətlərdə ikili standartların mövcudluğu barədə təəssüratları daha da gücləndirir.
Lakin Azərbaycan bütün bu təzyiqlərə özünü dünyadan təcrid etməklə reaksiya vermir. Beynəlxalq miqyaslı tədbirlərin əsas təşəbbüskarı kimi çıxış edir, ilk Avropa oyunlarını təşkil edir, qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi forumlar keçirir. Yeri gəlmişkən, ilk Avropa oyunlarının təkili ərəfəsində ölkəyə qarşı təzyiqlərin artması Azərbaycanı yalnız bir dövlət olaraq narahat etmir, həm də bütövlükdə xalqın özünü demokratik dəyərlərin himayədarı kimi təqdim edən ölkələrə olan etimadını əhəmiyyətli dərcədə sarsıdır. Hərçənd ki, bu etimad Qarabağ ətrafında baş verən proseslərdə onsuz da ciddi şəkildə azalmışdı.
III Qlobal Bakı Forumu ilə Azərbaycan dünyaya yeni bir mesaj verdi: o, ikili standarlardan, beynəlxalq ədalətin yoxluğundan əziyyət çəkən bir ölkə kimi yeni dünya düzənidə etimadın yaradılmasında maraqlıdır. Nəinki maraqlıdır həm də bu etimadın yaradılması üçün üzərinə düşən məsuliyyəti aydın dərk edir. Azərbaycan özünü qlobal dünyanın bir hissəsi, qlobal proseslərin fəal iştirakçısı kimi görür. Forumun Bakıda təşkili ilə bağlı təşəbbüsün əsas məğzi də elə budur.