Müsavat namizədlərini müəyyən etməyə tələsmir; Ümid iddiaçılarını artıq müəyyənləşdirib; VHP seçkilərə təkbaşına qatılacaq
Bu ilin noyabrında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq seçkilərə 6 ay qalıb. Bəzi siyasi partiyalar namizədlərini müəyyən etməyə başlayıb. Bu prosesi başa çatdıran siyasi qurum da var.
Seçkilər yaxınlaşdıqca, birgə iştirakla bağlı seçki bloklarının yaradılması, partiyalar arasında namizəd məsələsində danışıqların başlaması müşahidə olunur.
Müsavat Partiyası hələ ki iddiaçılarını müəyyən etməyə tələsmir. Başqan müavini Elman Fəttah sentyabrdan etibarən namizədlərin müəyyənləşdirilməsi prosesinə start veriləcəyini bildirdi: “May ayı təzə başlayıb. Müsavat seçkilərlə bağlı bir sıra təlimatlar qəbul edib. Hazırda partiyada namizədlərin müəyyənləşdirilməsi prosesi getmir. Seçki prosedurları istiqamətində işlər aparılır. Çalışacağıq ki, güclü namizədlərlə iştirak edək. Hələ ki, digər partiyalarla namizədlərin müəyyən edilməsi istiqamətində danışıqlar getmir. Elə şəxslər ola bilər ki, onların namizədliyini dəstəkləyək. Məqsədimiz bu seçkilərdə qalib gəlməkdir. Düşünürəm ki, bu baxımdan namizəd məsələsində problem yaranmayacaq. Partiyanın təşkilat orqanlarının toplantılarında əsas mövzu seçkilərdir. Rayon təşkilatları da bu istiqamətdə işlərini uğurla həyata keçirir. Seçkilərlə bağlı təbliğat-təşviqat dövrünün qısa olması bir reallıqdır. Çalışacağıq ki, qısa zamandan səmərəli istifadə edək”.
Ümid Partiyası isə artıq namizədlərini müəyyən edib. Yaxın zamanlarda siyahı mətbuata təqdim olunacaq. Bu barədə “Yeni Müsavat”a açıqlamasında partiya sədrinin 1-ci müavini Ənvər Ağazadə məlumat verdi: “Namizədlərin müəyyən edilməsi prosesi artıq başa çatıb. Yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Biz seçkilərin başlamasını gözləmirik, seçki bitən kimi digərinə başlayırıq. Proses çox uğurla gedir. Hər həftə seçki ilə əlaqədar sədrin iştirakı ilə partiya toplantısı keçirilir. Partiya üçün praktiki proses müəyyən etmişik, mərhələlərə bölmüşük. Birinci mərhələni uğurla başa vurmuşuq”.
Ümid funksioneri iddiaçı müəyyən edərkən, heç bir partiya ilə danışıqlar aparmadıqlarını da qeyd etdi: “Bu barədə digər qurumlarla məsləhətləşmələrimiz olmayıb. Müttəfiqimiz ”Qarabağ" bloku çərçivəsində ADP-dir. Ehtiyac olarsa, bu siyasi qüvvə ilə danışıqlar olacaq. Digər qurumlarla məsləhətləşmələr aparmağa ehtiyacımız yoxdur".
KXCP sədrinin müavini Xəzər Teyyublu seçkilərin partiyanın 3-cü qurultayına təsadüf etdiyini söylədi: “Biz partiyanın 3-cü qurultayına hazırlaşırıq. Hazırlıq çərçivəsində seçkilərə də start vermişik. Rayon təşkilatlarında qurultayla bağlı toplantılar keçirilir. Eyni zamanda namizədlər müəyyən edirik. Çalışırıq siyahı yetərli olsun. KXCP həm də ”Azadlıq 2015" seçki blokunun təsisçisidir. Əlbəttə ki, yerlərdə namizəd müəyyən edildikdə digər blok üzvləri ilə məsləhətləşmələr olacaq. “Azadlıq 2015" Seçki Qərargahı fəaliyyət göstərir. Tez-tez toplantılar keçirilir. 125 seçki dairəsi təhlil olunur. Fəaliyyətimiz intensivdir. Seçkilərə hazırlıq ciddi şəkildə gedir”.
VHP İcra Aparatının rəhbəri Samir Əsədli qurumun seçkilərə təkbaşına qatılacağını bildirdi: “Seçki hazırlıqları partiyamızda davam edir. Hazırda seçki dairələri üzrə partiyanın irəli sürəcəyi namizədlər müəyyən edilir. Namizədlərin arasında müstəqil ziyalılarımız da olacaq, bu formada danışıqlar gedir. Həmçinin, bir sıra seçki dairələrindən azsaylı xalqların da nümayəndələrinin namizədliyini irəli sürəcəyik. Namizədlərimiz daha çox gənclər və xanımlar olacaq. Demək olar ki, bir çox seçki dairələri üzrə namizədlər hazırdır, partiya rəhbərliyinə daxil olan şəxslər də öz seçki dairələrini müəyyənləşdirirlər. Hər bir namizəd həm də seçki dairələri üzrə seçki platformalarını da hazırlayır. Ümumi partiyanın da seçki platforması hazırlanır”.