Bu yazını belə başlaya bilərdim ki, Bakı təzadlar şəhəridir və hətta burada biznesdə də qəribə təzadları görmək olar. Məsələn, şəhərdən çıxanda, Salyan şossesində elə şirkət var ki, işçiləri mütəmadi təlimatlandırıb təhlükəsizlikləri üçün karandaşı stolun üstündəki qabına üzü yuxarı qoymağı, iş yerində uzun daban ayaqqabıda gəzməyi qadağan edir, şəhərin mərkəzində, Qış parkında isə elə şirkət də var ki, işçilər işdən 5-10 dəqiqə tez çıxmaqdan ötrü kifayət qədər təhlükəli olan 2 metrlik çəpərdən tullanıb qaçırlar. Siz də deyə bilərsiniz ki, ad çək. Amma məsələnin tək Bakı, Azərbaycan ilə bağlı olmadığını və xoşa gələn və gəlməyən halların Salyan şossesi, Qış parkında baş verməsindən asılı olmayaraq əməyin təhlükəsizliyi bizneslə məşğul olan hər kəsin məsuliyyəti olmağını önə çəkmək istərdim. Bakı onsuz da təzadlana-təzadlana gedir.
Təhlükəsizlik peyvəndi
Yaxşı olardı ki, körpələrə dünyaya gəldikdən sonra təhlükəsiz davranış ilə bağlı peyvənd vurardılar. İnanıram ki, bu peyvənd sığorta kəndiri bağlamadan hündür mərtəbələrin şüşələrində gəzən, maşın parkovkasında 40-50 km sürətlə avtomobil sürən, yanğın vaxtı qaçıb liftə minib qabağa düşmək istəyən hər bir insana mütləq kömək olar. Zarafatı çəkib bir kənara qoysaq doğurdan da bu məsələnin bizim ölkəmizdə də ciddi problem olduğunu görürük. İnsanlarımız fürsət düşən kimi təhlükəsizlik qaydalarından kənara çıxmaqdan sanki zövq alırlar. Əgər bu məsələdə həssaslıq qanımızda olsaydı onda bu yazıda növbəti bəndləri yazmağa heç ehtiyac da olmazdı. Bu peyvəndə bir əlavədə ‘uşaq vaxtından valideynin övladını qorxuzmamaq şərtilə bu sahədə tərbiyəsidir’. Təcrübələr göstərir ki, onsuzda uşağa 10 dəfə etmə-eləmə desəniz də o fürsət düşən kimi əlini isti sobaya uzadacaq və əli yanan kimi ‘ağıllanacaq’.
Uzağı cərimə yazacaqlar
Əgər vaxtında bu peyvəndi tapsaydılar o zaman bu cür yanaşma tərzinə sahib olan insanların sayı çox az olardı. İndi isə istər vergidən yayınma halı olsun, istərsə də hər hansı bir qaydalar olsun insanlarımızın çoxu hələ də uzağı cərimə yazacaqlar prinsipi ilə işlərini qururlar. İş yerlərində təxliyyə planı sanki sadəcə FHN işçiləri üçün göstərilmək üçün divarlara vurulur. Qayıtsaq Salyan şossesinə, bundan öncəki işimlə bağlı bir neçə dəfə buradakı xarici neft şirkətlərində olmuşam. Əraziyə girməmişdən öncə bizə şifahi təlimatlar verilirdi. Bir dəfə isə hətta təhlükəsizlik ilə bağlı 15 dəqiqlik xüsusi təqdimat etdilər. Necə deyərlər hadisə bir dəfə olur. Milli qanunvericilikdə iş yerləri və əməyin təhlükəsizliyi ilə bağlı əksər beynəlxalq standartlara cavab verən normativlər var. Amma di gəl ki, şirkətlər qənaət üçün bu məsələlərə əhəmiyyət vermirlər. Vacib deyil ki, şirkət aylıq gəlirlərinin 5 %-ni bu tip xərclərə ayırsın, işçiləri minimal büdcə ilə təlimatlandırmaq olar ki, onlar bu işin fəlsəfəsini başa düşsünlər. Cərimənin yazılma ehtimalı isə daima var. Məsələn də işini yaxşı bilən və şirkətinizin əsas gəlir gətirən qüvvəsi olan əməkdaşınızın işə götürənin məsuliyyətsizliyi ucbatından əlil qalması kimi cərimələr. Söhbət sadəcə dövlətin cəriməsindən deyil, işinizin bir müddət ‘əlil’ qalmasından gedir.
Sosial təbliğat
Qəbul etsək də, etməsək də Yol Polisinin səyi nəticəsində bu gün ölkəmizdəki sürücülərin əksəriyyəti avtomobil sürərkən təhlükəsiz kəmərindən istifadə edir. Düzdür, hələ də postdan-posta əlini atıb kəməri yalandan üstünə atan sürücələr var. İstənilən halda bu məsələdə dövlətin və bununla əlaqədar olan təşkilatların sosial maarifləndirmə kampaniyalarına çox ehtiyac var. Ağıllı işə götürənlər işçisini sadəcə iş vaxtında deyil, işdən kənar həyatında da təhlükəsizlik tədbirlərinə əməl etməyə dəvət edir. Bəziləri bunu hətta müxtəlif sosial kampaniyalara maddi dəstək olmaqla edirlər. Yekunda bütün bu proseslər cəmiyyət üçün faydalı olur. Cəmiyyətin üzvləri isə sadəcə bizim əməkdaşlarımız deyil, eyni zamanda partnyorlarımız və müştərilərimizdir. Bunu kimi hamımız bilirik, amma ən vacib olan can-sağlığı məsələlərində nədənsə bu məqamı unuduruq. Yay fəslində turizm obyektlərində baş verən bədbəxt hadisələr, qida zəhərlənməsi haqqında mətbuatda tez-tez xəbərlər yayılır. Dostumuz Orxan Adıgözəl ötən ay avtobusa minməklə bağlı xoş olmayan təcrübə yaşamışdı. Amma məsələnin ictimailləşdirməsinin çox yaxşı nəticələri oldu. Ən azından müştərilərə xidmət edən sahibkarlar bu məsələ haqqında düşünməli oldular. Bir dəfə xaricdə maraqlı bir hadisənin şahidi olmuşduq. Gözdən əlil olan sərnişini metronun işçiləri biz olan vaqona mindirdilər. Növbəti stansiyaların birində isə digər metro işçiləri gəlib bu sərnişini elə o vaqonun qapısındaca qarşıladılar.
Bu sahədə təlimlər ‘satarkən’
Əməyin təhlükəsizliyi ilə bağlı bir neçə il təlim xidmətlərini satarkən müştərilər üçün ən vacib məqamın məhz sertifikatın olduğunu görmüşdüm. Sadə məntiqlə əgər hansısa bir yerli şirkət xarici şirkətlərin keçirdiyi tenderdə iştirak edəcəksə təcili işçilərini ‘sertifikatlaşdırır’. Bu qəti olaraq 100 % təlim iştirakçılarına aid deyil. Əslində bizdə indi yüzlərlə bu sahədə mütəxəssis var və işlərini də sevərək görürlər. Sadəcə məsələyə işə götürən tərəfindən baxışın dəyişməsi yaxşı olar. Bütün bunlar biznesin davamlı inkişafı üçün çox yaxşıdır. Marketinq mütəxəssisləri yeni məhsul və xidmət yaradarkən bu elementə böyük önəm verməlidir.
PR və daxili kommunikasiyanını gücü
Qış parkında nə olmuşdu? Füzuli küçəsi boyunca üzü dram teatra tərəf park salınandan sonra yeni binaların tikintisinə başlanıldı. Bu yaxınlarda bu binaların birinin yanından keçərkən tikintinin gözdən kənar yerindən iki işçinin çox böyük çətinliklə təhlükəli dəmir hasarı aşdığını gördüm. Anlaşılan o idi ki, bu işçilər tikintini əsas girişdən hansısa səbəblərə görə istifadə etmirlər. Böyük ehtimalla iş yerini vaxtından öncə tərk etdiklərinə görə. İşin formasından, təşkilatın işçilərinin sayından asılı olmayaraq rəhbərlik təhlükəsizlik məsələsini öz işçiləri ilə səmimi səviyyədə müzakirə etməlidir. Daxili kommunikasiyalarda bu işçilərə vacib dəyər kimi çatdırılmalıdır. İşçi əmin olmalıdır ki, işə götürən üçün məsuliyyət sadəcə cərimə, kompensasiya ödəməklə bağlı deyil, eyni zamanda mənəvidir. Bu binanın tikintisində deyə bilərsiniz korporativ nə var ki, bu da olsun. Amma ümid edək ki, bu düşüncəmizi çox sahibkarlar müsbətə dəyişəcək. Məsələnin müştəri tərəfi isə gərək aydın şəkildə PR edilsin. Sözün açığı ötən ay Balakəndə kanat yoldan istifadə edəndə bütün yolboyu səhv yoxsa düz qərar verməyim haqqımda düşündüm. Təəssüf ki, bizdə bu cür texnologiyalara etibarım azdır.
Oturub işə götürənlərin böyük həvəslə işçilərin, müştərilərin və ümumilikdə əməyin təhlükəsizliyi sahəsinə böyük diqqət ayıracağını gözləmək düzgün olmaz. Xüsusən də əgər bu şirkət milli şirkət və ya təşkilatdırsa. Qəbul etməliyik ki, bizdə təhlükəsizlik mədəniyyəti ala-yarımçıq formalaşıb. Ona görə də çalışdığımız sahədən asılı olmayaraq maksimum özümüzün çalışdığımız təşkilatda insanların sadə təhlükəsizlik qaydalarından məlumatlı olmalarından əmin olmalıyıq. Yox, əgər işə götürən özümüzüksə ən azından işçilərin onlayn təlimatlandırılmasını, iş yerində ilk tibbi yardım, yanğından müdafiə ləvazimatlarının olmasını təmin etməliyik. Bu qədər sadə, lakin vacib.