Əməkdaşlığa başlayandan etibarən Asiya İnkişaf Bankı 12 layihənin həyata keçirilməsi üçün Azərbaycana 1,6 milyard dollar ayırıb.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün Bakıda öz işinə başlayan Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının açılış mərasimində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, bundan əlavə bank 7 layihənin reallaşdırılması üçün 10 milyon dollar dəyərində qrantlar ayırıb: “Özəl sektorun inkişafına ayrılan kreditlərin ümumi məbləği isə 163 milyon dollar təşkil edib”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcaıl və hərtərəfli islahatlar nəticəsində son 10 ildə ÜDM 3 dəfə, onun adam başına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artıb.
Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxunu təşkil edir: "Sözsüz ki, dinamik iqtisadi inkişaf bu müddətdə əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə əlverişli zəmin yaradıb.
Belə ki, 10 ildə əhalinin gəlirləri 6 dəfə, orta aylıq əmək haqqı 4,5 dəfə artmış, işsizlik səviyyəsi cəmi 4,9% təşkil edib. Əgər 2001-ci ildə əhalinin hər 2 nəfərindən biri yoxsulluq həddində yaşayırdısa, ötən müddət ərzində yoxsulluq meyarının 5 dəfədən çox artmasına baxmayaraq, hazırda hər 20 nəfərdən bir vətəndaş yoxsul hesab olunur.
Son on il ərzində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş, hesabatlarda ölkəmizin reytinqləri davamlı olaraq yaxşılaşdırılıb. Belə ki, əsas agentliklər- “Fitch Ratings”, “Standart & Poors” və “Moodys” hətta böhran illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya reytinqi veriblər. “Dünya rəqabət qabiliyyətliliyi 2014-2015” hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur və artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir".
Ş.Mustafayev bildirib ki, görülən işlər nəticəsində qeyr-neft iqtisadiyyatı son 10 ildə 2,5 dəfə artmış, ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37%-dən 68%-ə çatmışdır və iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam edir, qeyri-neft sənayesi, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələr inkişaf edir: "Təsadüfi deyil ki, enerji bazarındakı qeyri-sabitliyə, son 1 ildə neftin qiymətinin təxminən 2 dəfə enməsinə baxmayaraq, bu ilin birinci rübündə iqtisadiyyat 5,3%, o cümlədən qeyri–neft sektoru 7% artmışdır.
Bu nəticələr iqtisadiyyatın diversifikasiyası ilə bağlı müəyyən edilən vəzifələrin uğurla yerinə yetirildiyini göstərir".
Nazir qeyd edib ki, bir çox infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan nüfuzlu beynəlxalq maliyyə təşkilatları ilə, o cümlədən Asiya İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir: "Bu günə kimi Bank tərəfindən Azərbaycana 12 layihə üzrə 1.64 mlrd. ABŞ dolları məbləğində ayrılmış kreditlər avtomobil yolları, su təchizatı və kanalizasiya, enerji təchizatı, irriqasiya sektorlarındakı layihələrin maliyyələşdirilməsinə yönəldilib. Eyni zamanda Bank texniki əməkdaşlıq çərçivəsində 7 layihənin maliyyələşdirilməsinə təxminən 10 mln. ABŞ dolları məbləğində qrant vəsaiti ayırmışdır. Bankın ölkəmizin özəl sektorundakı fəaliyyəti 2006-cı ildən başlamışdır və bu günədək özəl sektora ayrılmış kreditlərin məbləği 163 mln.dollar təşkil etmişdir".
Ümumilikdə, görülən işlər nəticəsində hazırkı vaxtadək iqtisadiyyata 200 milyard dollar investisiya qoyulmuşdur ki, bunun yarısı xarici investisiyalardır.
Təkcə 2014-cü ildə investisiya qoyuluşunun həcmi 27,7 mlrd.dollar olmuşdur ki, onun da 11,5 milyard dolları xarici investisiyalardır.
Eyni zamanda biznes mühitinin yaxşılaşdırılması, dövlət dəstəyi tədbirləri sahibkarlığın inkişafına təkan vermiş, geniş sahibkar təbəqəsi formalaşmış, ÜDM-də özəl sektorun payı 82%-ə çatmışdır.
Azərbaycanın xarici ticarət əlaqələrinə gəldikdə nazir bildirib ki, son 10 ildə ticarət coğrafiyası genişlənmiş və 150-ə yaxın ölkə ilə ticarət əlaqələri qurulmuş, ticarətin əmtəə strukturu təkmilləşmiş, ixrac potensialı əhəmiyyətli dərəcədə güclənmişdir: "Bu müddət ərzində xarici ticarət dövriyyəsi 4,3 dəfə, ixrac 6 dəfə, o cümlədən qeyri-neft ixracı 2,6 dəfə artmışdır. Ölkəmizin davamlı iqtisadi inkişafını təmin edən ən mühüm amillərdən biri bizim yüksək ixtisaslı mütəxəssislərimiz, xüsusilə gənclərimizdir. Qeyd etmək istərdim ki, insan kapitalının inkişafı Azərbaycan dövlətinin başlıca hədəfidir və son illərdə bununla bağlı çox əhəmiyyətli işlər görülmüdür. Məsələn, son 10 il ərzində 3000-ə yaxın məktəb, 500-dən artıq səhiyyə müəssisəsi, 700-dən artıq mədəniyyət obyekti tikilmiş, 40-dan artıq olimpiya idman kompleksi istismara verilmişdir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə müvafiq Dövlət Proqramı qəbul edilmişdir. Bu proqrama əsasən 2007-2014-cü illər ərzində 3000-dən artıq gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə, dünyanın 33 ölkəsinin aparıcı alı təhsil müəssisələrinə təhsil almağa göndərilmişdir".
Qeyd edək ki, İllik Toplantıda 3000-nə yaxın iştirakçı, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmiləri, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələri iştirak edir.
1999-cu ildən Asiya İnkişaf Bankına üzv olan Azərbaycan indiyədək qurumun bir sıra regional tədbirlərinə ev sahibliyi edib. Qurumun İllik Toplantısının Bakıda keçirilməsi haqqında qərar isə 2012-ci ilin may ayında Filippinin paytaxtı Manila şəhərində Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul olunub. Bununla əlaqədar olaraq, 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və AİB arasında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumu” imzalanıb, ardınca isə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 may tarixli Sərəncamı ilə Baş nazirin birinci müavininin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.
Təşkilat Komitəsi və Maliyyə Nazirliyində fəaliyyət göstərən əlaqələndirmə üzrə katiblik tərəfindən İllik Toplantıya hazırlıq prosesi qrafikə uyğun olaraq yüksək səviyyədə aparılıb, bütün texniki tapşırıqlar və tövsiyələr yerinə yetirilib.