2015-cü ilin yanvar ayının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidmətinə 333,8 min sorğu daxil olub. Fins.az-ın məlumatına görə, bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 69,1% çoxdur.
Əhalinin MKR sorğuları 9 dəfə artıb
Sorğuların 95,3%-i və yaxud 322,9 mini banklardan daxil olub. Son 1 ildə bankların MKR müraciətləri 62,6% artıb. Kredit tarixçəsi ilə maraqlanan sadə vətəndaşların sayı isə 8,8 dəfə artaraq 16 minə yaxınlaşıb.
Borcalanların sayı 18% artıb
Ayın yekunlarına görə, MKR xidmətində 2 milyon 342,2 min borcalan haqqında məlumat toplanıb. Bu, əvvəlki ilə nisbətən 17,8% çoxdur.
Borcalanların böyük hissəsi 2 milyon 310,6 mini fiziki şəxslərdir. Son bir ildə kredit alan fiziki şəxslərin sayı 17,8% artıb. Hüquqi şəxs borcalanların sayı isə 10,8 mindir. Son bir ildə onların sayı təqribən 6% artıb.
Zaminlərin sayı 26% artıb
Son bir ildə Azərbaycanda kredit götürənlərə zaminlik edənlərin sayı da kəskin artıb. Yanvar ayının yekunlarına görə, ölkədə 1 milyon 83,6 min nəfər zamin var ki, bu da ötən ilin eyni dövrünə nisbətən 25,8% artıqdır. MKR-dəki kredit məlumatlarının sayı isə 35,8% artaraq 9,16 milyona çatıb.