İndiki məqamda sabiq müdafiə naziri Səfər Əbiyevə qarşı hücumların total xarakter alması tamamilə gözlənilən idi. Azərbaycan reallığında bununla kim(lər)isə təəccübləndirmək, bəlkə də artıq iki əsrdir ki, öz aktuallığını tamamilə itirib. Vəzifəyə şəxsi ambisiyalarını yeritmək, şəxsi maraqlarını reallaşdırmaq vasitəsi kimi baxanlar sabiqlərin kölgəsini qılınclayanlar üçün ən potensial “güc” mənbəyinə çevrilib.
Dövlətdə təmsil olunmayan, vəzifədən gedən birisi haqqında sifarişli yazıların kütləvi informasiya vasitələrinə ayaq açması və kifayət qədər asan qazanc mənbəyinə çevrilməsi isə günümüzün təəssüf doğuran danılmaz reallığıdır. Sığortalanmış təhlükəsizlik, sərgilənən maddi və mənəvi dəstək bəzi “peşəkar”lar üçün sözün əsl mənasında yaradıcılıq stimuluna, “mübarizə” simvoluna çevrilib.
İllərlə eyni məkanda çiyin-çiyinə çalışdığın, dərd-sərini bölüşdüyün “qələm” yoldaşına tanıdığın hansısa bir şəxslə bağlı yazdığı “tənqidi” məqaləyə görə nəsə xahiş edəndə, sözün yerə düşürsə, üstəlik, qarşılığında “niyə qoymursuz bir tikə çörəyimizi qazanaq” kimi qınaqla üzləşirsənsə, bunun adına nə deyirsiz deyin, amma bircə ədalət, prinsipiallıq, obyektivlik deməyin, çünki həqiqi jurnalistika sözün keşiyini çəkən, namusunu qoruyan, bunula da, əslində bir sənət sahəsi kimi ictimai nüfuzunu təlqin edən qədim və sanballı yaradıcılıq sahəsidir. Bir para “çörək ovçusunun” bu sahəyə axı nə aidiyyatı var...
Son vaxtlar çağdaş mediamızda formalaşan zərərli bir tendensiyanın da üstündən sükutla keçmək olmur. Eyni faktların ayrı-ayrı informasiya məkanlarına bu və ya digər şəkildə ötürülməsi və bu zaman dərc olunan tutarlı təkziblərin bilərəkdən qulaqardına vurulması cəmiyyətimizə ən yaxşı halda “reket jurnalistikası” kimi arzuolunmaz bir termini gətirib. Bu, təqribən kiminsə çeynəyib atdığı saqqızı bir başqasının yerdən götürüb yenidən çeynəməsinə bənzəmirmi!..
Beləliklə, sabiq müdafiə naziri Səfər Əbiyevə qarşı hücumların total xarakter alması tamamilə gözlənilən idi. Son dərəcə məsul bir vəzifədə uzun müddət çeşid-çeşid təzyiq və təhdidlərə davam gətirən və bu zaman bir sıra “işbazların” əl-qolunu qandallayan Səfər Əbiyev fəaliyyəti dövründə daha çox dövlətə və dövlət başçısına sədaqətlə xidmət edən, prinsipial, tələbkar və mühafizəkar bir nazir kimi yadda qaldı. Bu cəhətlər yalnız Ali Baş Komandan qarşısında hesabat vermək, yalnız Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirmək kimi tərəflərilə çoxlarını qıcıqlandırır, əndişələndirir və özündən çıxarırdı. Belələri üçün yalnız gözləmək və məqamı gələndə həlledici zərbəni endirmək qalırdı. Başqa çıxış yolu yox idi. Çünki o, ən böyük dəstəyi də elə Ali Baş Komandandan alırdı. Seçimin, təyinatın və etimadın əsl ünvanı da Səfər Əbiyevin iradəsinə qarşı çıxanlar yox, məhz bu ali şəxs idi...
Beləliklə, Səfər Əbiyevin prinsipiallığı, tələbkarlığı və mühafizəkarlığı ona qarşı hər gün yeni düşmən “ordusu” yaradırdı. Adicə bir fakt. Vaxtilə Biləcəri çağırış məntəqəsinin “ömrünü uzatmağa” çalışanlar itirdikləri biznes mənbəyinə görə məqsədlərinə çatmaq üçün əgər birinci mərhələdə Səfər Əbiyevin əlindən öpməyə hazır idilərsə, bu alınmayanda, ikinci mərhələdə hətta onun qanını belə içməyə müntəzir dayanmışdılar.
Bütün bunları Səfər Əbiyevin özü də çox gözəl bilirdi, amma geri çəkilmirdi. Çünki Biləcəri kimi bir bataqlığın ordumuzun canında qarayara olduğunu, Silahlı Qüvvələrimizi elə ilk gündəcə gələcəyin əsgərlərinin gözündən saldığını dərindən başa düşürdü. Çünki onun anlamında geri çəkilmək göstərilə etimada xəyanət idi...
Bununla belə, Səfər Əbiyevin nazir karyerasında bir sıra digər ciddi problemlər də yaşanırdı. Tabeliyindəki bəzi kadrların yanılış informasiyaları, iradəsizliyi, etimaddan və vəzifə səlahiyyətlərindən sui-istifadə halları onun ictimai nüfuzuna gələcəkdə geniş müzakirə mövzusuna çevriləcək kəskin zərbələr endirirdi. Bəzi neqativ təzahürlər Səfər Əbiyevin etimadından bəhrələnən ayrı-ayrı işbazların əlilə, amma onun, məhz onun adından reallaşdırılırdı. Digər tərəfdən, mətbuata qapalı nazir kimi media təmsilçilərindən kənar dayanması da sonradan KİV-də Səfər Əbiyevlə bağlı yanılış təsəvvürlərin formalaşmasına asta-asta rəvac verirdi...
Budur, artıq məqam yetişib - Səfər Əbiyev daha vəzifədə deyil. Hər şey gözlərimiz qarşısında baş verir. İndi onu döyüş tapşırığını yerinə yetirərkən şəhid olan polkovnikin ölümündə belə ittiham etmək ən asan bir işə çevrilib. Hansısa hərbi hissədə heç adını belə bilmədiyi, üzünü görmədiyi bir gizirin cinayət əməli də Səfər Əbiyevlə əlaqələndirilir və belə təsəvvür yaradılır ki, guya ölkənin müdafiə naziri bütün işini-gücünü atıb orduda rütbəsinə görə az qala əsgər statusunda olan bir hərbi qulluqçu ilə birləşərək ərzaq satırmış. Vaxtilə anbarlarda yığılıb qalan ərzağa görə hərbi hissə komandirinin üstünə qışqırmaq və o ərzağı gecikdirilmədən əsgərlərə paylamağı tapşırmaq da bu gün Səfər Əbiyevin adına cinayət kimi yazılır! Biz hələ Tovuzdakı seolit yataqlarından hər il külli miqdarda “əldə edilən” milyonları demirik. Bu qədər vəsaiti qazanmaq üçün hər il 25 min ədəd dəmir yolu vaqonu lazımdırsa, onda, zəhmət olmasa, deyin görək, ümumiyyətlə, ölkəmizdə bu sayda vaqon varmı!
Daha bir fantastik iddiada Macarıstanda Səfər Əbiyevə məxsus şəxsi hesabda külli miqdarda yatırım olduğu bildirilir. Bu yerdə Azərbaycanın müvafiq orqanlarından xahiş edirik ki, ölkədə tez-tez hallandırılan bu faktla bağlı ciddi araşdırmalar aparılsın və həmin vəsait ölkəmizə qaytarılsın. Müəllif kimi bu, mənim də maraqlarım çərçivəsindədir. Di gəl, iki ilə yaxındır ki, bu haqda danışılsa da, nə Macarıstandan xəbər var, nə də ölkəmizdəki səlahiyyətli orqanların bizi sevindirəcək arayışından... Bu məsələyə son qoymaq həm də ona görə lazımdır ki,
sabah başqa bir dövlətdə Səfər Əbiyevin adına yeni bir “şəxsi hesab açılmasın...”
Dünyanını qəribə işləkləri varmış. Bəli, Səfər Əbiyevin pislik etdiyi adamlar da yox deyil. Xidmətdə bu təbiidir, ancaq yaxşılıq etdiyi palçığın içindən çıxarıb sıraya qoyduğu adamlar bu gün ona qarşı daha böyük namərdlik edirlər. Yəqin ki, bu şiddət onu da üzür. Həyatımızın acı reallığı hər bir insandan səbr, təmkin tələb edir. Kimsəyə bu cür münasibət göstərilsəydi, dünyanı dağıdardı. Amma bu kişi evində sakitcə oturub, heç kimə daş atmır. Əcaba, onda bu nə münasibətdir! Sədaqətli kommunistlərin praktikasında gedəni camaatın gözündən salmaq, ictimai şüurda nifrət yaratmaq həmişə baş planda durub. İndi Səfər Əbiyev də belə bir burulğanın içərisinə salınmaqdadır. Bilən də, bilməyən də onun kürəyinə döşəyir.
Müşahidələr göstərir ki, günahı qazananlardan biri də elə onun özüdür. Ali Baş Komandandan başqa digərlərilə məsafə saxladı. Bilmədi ki, həmin “digərləri” də birlikdə yığışıb onu təkləyəcəklər.
Səfər Əbiyev bu ölkənin müdafiə naziri vəzifəsinə Azərbaycan xalqının ən ünlü şəxsi – ümummilli liderimiz Heydər Əliyev tərəfindən, özü də ən ağır illərdə təyin olunub və özündən əvvəlki sələflərindən fərqli olaraq uzun müddət təyinatında dəyişiklik edilməyib. Elə günlərdə ki, Silahlı Qüvvələrimiz bütün sahələr üzrə ciddi ehtiyac içərisində boğulurdu. Maddi-texniki təminat bərbad vəziyyətdə idi. Orduda özbaşınalıq, xaos hökm sürürdü. Nizam-intizam, qayda-qanun yox idi. Ordu ayrı-ayrı siyasi partiyaların və onların liderlərinin mövqeyilə təmsil olunurdu və s. və i.
Belə bir vaxtda ulu öndərin etimadını qazanmaq və onu doğrultmaq asan məsələ deyildi. Amma Səfər Əbiyev nəinki bu vəzifənin öhdəsindən gələ bildi, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dərin rəgbətini qazandı və məhz bu iki şəxsiyyətin rəhbərliyi altında uzun müddət nazir vəzifəsində çalışdı.
İndi bütün bunları necə danmaq olar. Necə demək olar ki, Səfər Əbiyev qatildir, cinayətkardır. Əgər belə getsə, fikrimizcə, Səfər Əbiyevin öz hüquqlarını qoruması və bu şər-böhtan kampaniyasına sifarişlə qoşulanlara tutarlı cavab verməsi üçün məhkəmə orqanlarına müraciət etməsi qaçılmaz olacaq. Buna heç kimdə şübhə olmasın.
Düşmənçiliyin də bir həddi-hüdudu olmalıdır. Düşmənçiliyi də gərək elə edəsən ki, dövlətimizin nüfuzuna, ordumuzun imicinə zərbə dəyməsin.
Bu yazı Səfər Əbiyevi müdafiə etmək naminə yazılmayıb. Bu yazı hər bir kəsə başının üstündəki Allahı və vicdanını xatırlatmaq üçündür. Hər bir kəs başının üstündəki Allahı və vicdanını tutsa, Səfər Əbiyevin də məhkəmə müdafiəsinə ehtiyacı olmaz...