Fəzail Ağamalı: Polisin marşrut sürücülərinə gücü çatmır, axı kimdir onları himayə edənlər?
Milli Məclisinin iclasında “Yol hərəkəti haqqında” qanuna 9-1-ci maddənin əlavə olunması ilə bağlı layihə müzakirəyə çıxarılıb. Bizimyol.info saytının məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni maddədə avtomobil yollarında piyada keçidlərinin tikiləcəyi yerlərin təsbit olunması, piyada keçidləri arasında məsafənin müəyyənləşdirilməsi, yerüstü və yeraltı keçidlərin tikilməsi ilə bağlı yeni qaydalar nəzərdə tutulub. Maddənin birinci hissəsinə (Piyada keçidləri arasında məsafə, yerüstü və ya yeraltı keçidlərin tikilməsi) əsasən, avtomobil yollarında keçidlər təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddənin ikinci hissəsinə görə isə avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlərin arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.
Maddənin üçüncü hissəsinə görə, avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər aşağıdakı hallarda tikilə bilər:
1. avtomagistrallarda
2. digər avtomobil yollarında - nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomob/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda.
Maddənin dördüncü hissəsində deyilir ki, qanuna yeni əlavə edilmiş bu maddənin üçüncü hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Müzakirədə çıxış edən deputat Fəzail Ağamalı avtobus sürücülərindən şikayətlənib. O, bildirib ki, dəfələrlə mətbuatda yazılmasına, televiziyalarda göstərilməsiknə və müxtəlif vaxtlarda müzakirə olunmasına baxmayaraq, yenə də problemlər qalır. “Çox sayda sərnişin daşımalarına baxmayaraq, həddən artıq sürətlə sürür, ötüşür, istədikləri yerdə saxlayır, bayağı musiqilərlə sərnişinləri bezdirirlər.
Bu günlərdə mən maşınımla gedəndə avtobus qəza şəraiti yaratdı. Biz ölümdən döndük. Maşını saxlayıb polisə bu barədə məlumat verdim. Ancaq polis bunun qarşısını ala bilmədiyini dedi. Bildirdi ki, o marşrutlar elə adamlar trəfindən himayə olunur ki, biz onlara heç nə deyə bilmirik. Avtobus sürücülərinə kim bu qədər hüquq verib ki, polis də onlara söz deyə bilmir. Kİmdir onları himayə edənlər? Buna son qoymaq üçün ciddi addımlar atılmalıdır” – deyə deputat bildirdi.
Deputat Leyla Abdullayeva isə sürücülüərə yuxarı yaş məhdudiyyətinin tətbiq olunmasını təklif edib. O, bildirdi, insane yaşlaşdıqda eşitmə, görmə qabiliyyətində təbii olaraq zəifləmə yaranır ki, bud a avtomobil idarə edən zaman situasiyaya vaxtında reaksiya verilməməmsinə gətirib çıxarır. Bu səbəbdən də 80 yaşdan sonra sürücülük hüququna məhdudiyyət qoyulmasını təklif etdi.
Müzakirələrdən sonra layihə səsə qoyularaq, qəbul olunub.