Müsavat Partiyasının başqanı İsa Qəmbər martın 17-də gənclərlə keçirdiyi görüşdə gəncləri maraqlandıran sualları cavablandırıb. İ. Qəmbərə verilən suallardan biri Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyevlə bağlı olub. R. Quliyevin müdafiəsi üçün aparılan kampaniyaya niyə qoşulmaması və sənədə imza atmaması barədə sualı cavablandıran İ. Qəmbər belə deyib: “Həmin sənəddə Rəsul Quliyevin 1995-ci ildə xalqın dəstəyi ilə parlamentin spikeri seçildiyinə dair yazılan məqamla razılaşmıram. Rəsul Quliyev həmin ildə xalqın deyil, Heydər Əliyevin dəstəyi ilə parlamentin spikeri olub”.
R.Quliyev öz bloqunda İ.Qəmbərə cavab verib: “Onunla əlaqədar bir söz demək fikrim yox idi. Ancaq onu deyə bilərəm ki, 1990-cı ildə Ali Sovetə deputat seçkilərində Mütəllibov 12 nəfəri, o cümlədən Xalq Cəbhəsindən namizədi seçki dairəmdən namizəd kimi irəli sürdürməklə mənim heç olmazsa, ikinci tura belə keçməyimə nail ola bilmədi. Bütün respublikada mən yeganə adam idim ki, heç kimlə razılaşdırmamış namizədliyimi vermişdim və həm hökumət, həm də Xalq Cəbhəsi nümayəndələrini udmuşdum. Həmin seçkilərdə Xalq Cəbhəsinin liderlərindən biri sayılan İsa Qəmbər həmişəki kimi öz dairəsindən seçilə bilməmişdi. 1991-ci ildə Mütəllibov razılıq verəndən sonra mənim Bakı şəhərinə deputatlığa namizədliyimi verdiyim dairədən onun da parlamentə namizidliyini ikinci dəfə verdilər. Mənə lazım olan 2500 səsi verənlərin hamısından xahiş etdim ki, onlar həm də İsa bəyə səs versinlər. 2500 seçicidən sonra seçki məntəqələri bağlandı, çünki heç kim daha səs verməyə gəlmədi. Ancaq bunun əhəmiyyəti o qədər də yox idi. Mütəllibov artıq razılıq vermişdi”.
R.Quliyev onu da vurğulayıb ki, 1995-ci ildə namizədliyini irəli sürəndə İsa Qəmbər və başqa müxalifət liderlərinə müraciət edib ki, gəlib ona rəqib olsunlar: “Onu seçkilərə buraxmırdılar. Xahiş etdim ki gəlsin mən iştirak edən dairədən namizədliyini versin. Təəssüf ki, bu işi görmədi. O ki qaldı spiker məsələsinə, ilk şərt odur ki, gərək düzgün deputat seçiləsən. Əgər saxta deputat seçilmisənsə, hətta qardaşımız Türkiyənin, yəni başqa ölkənin başçısının istəyi ilə spiker olsan da, yenə legitim deyilsən. İkinci mən tarixdə birinci dəfədir eşidirəm ki, spikeri xalq seçir. Ola bilər 1993 və 1995-ci illərdə spikeri xalq seçirmiş, düzü bilməmişəm, boynuma alıram. Tarixçi diplomu almaqla tarixçi olmaq arasındakı məsafəni ola bilər on dəfə təkrar-təkrar yaşayasan, ancaq qət edə bilməyəsən. Tarixi bilmək istəyirsinizsə, tarix budur. Fikrimcə, yalan danışmaqdan xəcalət çəkmək lazımdır, əgər bu mümkünsə. O ki qaldı onun qol çəkməməsinə, bəlkə də inanmazsınız, ancaq mən bundan çox məmnun oldum. Çox şad oldum ki, mənim Azərbaycana dönməyimdə bu şəxsiyyətin nəinki heç bir rolu, hətta heç bir əhəmiyyət kəsb etməyən imzası da olmayacaq”.
R. Quliyevin dediklərinə Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı reaksiya verib. O, “Gündəlik Teleqraf”a açıqlamasında bildirib ki, Rəsul Quliyev yanlışlığa yol verir: “Müsavat Partiyası və onun başqanı İsa Qəmbər bu və ya digər səbəbdən Azərbaycana gəlməsinə maneçilik törədilən bütün insanları dəstəkləyib. Rəsul Quliyevin də Azərbaycana gəlməsi bizim üçün heç bir problem yaratmır. Biz həmişə insan haqları və azadlıqlarının qorunması istiqamətində hərəkət etmişik. İsa Qəmbərin həmin sənədi imzalamamasının yeganə səbəbi orada Rəsul Quliyevin xalqın dəstəyi ilə spiker seçilməsi cümləsi olub. Hamıya məlumdur ki, spiker Azərbaycanda xalqın dəstəyi ilə seçilmir. Rəsul Quliyev də həmin vaxt indi özünə düşmən hesab etdiyi hakimiyyət tərəfindən spiker təyin olunub. Rəsul Quliyevin İsa Qəmbərin 1991-ci ildə Mütəllibovun razılığı ilə deputat seçilməsi fikrini söyləməsi suda boğulanın saman çöpündən yapışması kimi bəhanəyə oxşayır. Çünki həmin vaxt Xalq Cəbhəsi Azərbaycanda kifayət qədər güclü təşkilat idi. Mütəllibov istəsəydi də, istəməsəydi də Xalq Cəbhəsinin üzvləri deputat seçilirdilər. Seçilənlərdən bir neçəsinin parlamentə buraxmaq qərarı olandan sonra ən çox səs toplayanlardan biri kimi İsa Qəmbərin qələbəsini tanımaq məcburiyyətində qalmışdılar”.
Onun sözlərinə görə, İ. Qəmbər 1990-cı ildə kiminsə razılığı və icazəsi ilə namizədliyini verməyib və kiminsə də icazəsi ilə seçilməyib: “Nəzərə çatdırıram ki, əgər Müsavat Partiyası və onun başqanı Rəsul Quliyevin Azərbaycana gəlməsinə mane olmaq istəsəydi, 2005-ci ildə Kiyevə getməz və Quliyevə onunla bir təyyarədə Azərbaycana gəlməsini təklif etməzdi. Səmimi şəkildə və qətiyyətlə deyirəm ki, Rəsul Quliyev bu məsələdə səhv edir. Çünki İsa Qəmbər 2005-ci ildə Quliyev Ukraynada saxlanılanda bütün işlərini atıb Kiyevə getdi. Quliyevin onunla birgə Azərbaycana gəlməsini təklif etdi. “Həbs olunacağıqsa, bir yerdə həbs olunaq”-dedi. Rəsul Quliyev o sözləri yaddan çıxarmasın”.