TQDK sədri Qəbələ şəhərində vətəndaşları qəbul edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə aprelin 24-də mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qəbələ şəhərində vətəndaşlarla görüşüb. Qəbələ şəhər Mədəniyyət mərkəzində keçirilən qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Şəki rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Görüş zamanı vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul, əvvəlki illərin məzunu olan və hərbi xidmətə çağırış yaşı tamam olmuş oğlan abituriyentlərin sənəd qəbulu prosesində iştirakı, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarına dair izahedici materialların dərc olunmasına dair TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər.
Görüş zamanı vətəndaşlar həmçinin TQDK-nın Qəbələ şəhərində regional bölməsinin yaradılmasını və ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər üçün SQK-ların sayının artırılmasını təklif ediblər.
Bütün müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.