BŞBPİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirəni giriş sözü ilə açan idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, ölkədə qanunçuluğun və ictimai asayişin təmini sahəsində Daxili işlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələr layiqincə yerinə yetirilib.
Daha sonra 2015-ci ilin I rübündə paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə müşavirə iştirakçılarına təqdim edilib.
Qeyd olunub ki, paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınıb, şəhər miqyasında keçirilən çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən mərasimlərdə ictimai asayişin mühafizəsi nümunəvi təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, yol hərəkəti təhlükəsizliyinin təmini, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin olunub.