Prezident İlham Əliyevin 27 yanvar tarixində keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tədbirləırin görülməsi istiqamətində müvafiq tapşırıqlar vermişdi.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu tapşırıqların icrasına uyğun olaraq kənd təsərrüfatına yararlı torpaq sahələrinin istifadə vəziyyəti təhlil olunub. Sözügedən torpaqlardan istifadənin səmərəliliyinin artırılması, torpaqların istifadəsiz saxlanıldığına görə məsuliyyətin daha da gücləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanıb. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri nəzərdə tutan həmin təkliflər Nazirlər Kabinetinə təqdim edilib.
Torpaq Məcəlləsinə təklif olunan dəyişikliyə görə, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququ yarandıqdan sonra həmin torpaq sahələrinin dalbadal iki il müddətində istifadəsiz qalmasına yol verilməməlidir.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə edilməməsinin əlamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməli, istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin reyestri aparılmalıdır.
İnzibati Xətalar Məcəlləsinə görə, kənd təsərrüfatı təyinatlı torpaq sahələri istifadəsiz torpaq sahələrinin reyestrinə daxil olunduğu tarixdən sonra dalbadal iki il ərzində istifadə edilmədiyinə görə, fiziki şəxslər hər hektara görə bir şərti bal üçün 0,3 manat miqdarında, hüquqi şəxslər hər hektara görə bir şərti bal üçün 0,5 manat miqdarında cərimə edilir.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələri istifadəsiz torpaq sahələrinin reyestrinə daxil olunduğu tarixdən sonra dalbadal üç il ərzində istifadə edilmədikdə, bu Məcəllənin 87-1.1-ci maddəsində nəzərdə tutulmuş cərimələr iki dəfə artırılaraq üçüncü il üçün tətbiq edilir.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələri istifadəsiz torpaq sahələrinin reyestrinə daxil olunduğu andan dalbadal dörd il və daha çox müddətə istifadə edilmədikdə, bu Məcəllənin 87-1.1-ci maddəsində nəzərdə tutulmuş cərimələr üç dəfə artırılaraq dördüncü il və sonrakı illər üçün tətbiq edilir.
Bu maddədə “şərti bal” dedikdə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206-cı maddəsinə əsasən torpaq vergisinin hesablanmasında istifadə edilən şərti bal nəzərdə tutulur.