Bank əməkdaşlarının qanunsuz əməlləri ifşa edilib
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, “Parabank” ASC-nin “Masallı” şöbəsinin sabiq əməkdaşlarının qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı cəmiyyətin “Masallı” şöbəsinin sabiq müdiri Ramiz Rəhimovun, sabiq satış mütəxəssisi Coşqun Həsənovun, sabiq xəzinədar Əmrağa Həsənovun, qiymətləndirici zərgər Rəhman Ağayevin və digərlərinin qabaqcadan əlbir olub xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq kredit müqavilələri üzrə girovun təminatı qismində qiymətli metal adı ilə saxta əşyaların qablaşdırılması və girov qismində qəbul edilən qiymətli metalların qiymətinin süni surətdə şişirdilməsi yolu ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyətə 127 min manat məbləğində ziyan vurmalarında, habelə C.Həsənovun 13 müştəri üzrə banka ödənilməli olan 15 min 500 manat məbləğində pul vəsaitini mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.(TREND)