RƏŞAD ŞOLAN: “4 İL ÖNCƏ AZƏRBAYCANDA İLK LAPAROSKOPİK NEFREKTOMİYA ƏMƏLİYYATIN EDƏNDƏ BÜTÜN KOMANDAMIZ HƏYƏCANLIYDI”
Artıq mətbuatın Azərbaycanın doktor Klaymanı adlandırdığı (dünyada ilk olaraq laparoskopik nefrektomiya 1990-cı ildə ABŞ-da Ralf Klayman tərəfindən tətbiq edilib) tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan bu şöhrəti qazanmaq üçün şərəfli və çətin bir yol keçib.
Azərbaycan urologiyasının tibbin bu sahəsində pioneri olaraq, 2011-ci ilin aprel ayının 2-də Mərkəzi Neftçilər xəstəxanasında ilk dəfə laparoskopik nefrektomiya əməliyyatı həyata keçirib.
Əməliyyatın uğuru həm də tədqiqatçı-alimin şəxsi keyfiyyətlərini müəyyən etdi: onun yüksək peşəkarlıq, böyük təcrübə, insanlara yardım etmə istəyini üzə çıxardı.
Tanınmış cərrah-uroloq Rəşad Şolanla AzNews.az-ın əməkdaşının söhbəti də bu barədə olub:
- Rəşad doktor, o günü necə xatırlayırsız? İlk laparoskopik nefrektomiya əməliyyatı etdiyiniz günü nəzərdə tuturam.
- Bilirsiz, o gün nəinki mənim həyatımda, bütün komandamızın həyatında önəmli bir gün idi. Çünki həkimindən tutmuş xadiməsinə qədər hər kəs bunun məsuliyyətin dərk edirdi. Azərbaycanda, vətənimizdə bir ilki həyata keçirməyə hazırlaşırdıq. Bir sözlə, sözün yaxşı mənasında hər kəs həyəcanlıydı.
Azərbaycanda ilk laparoskopik nefrektomiya əməliyyatı
- Oxucularımıza daha aydın olsun deyə “laparoskopik nefrektomiya” haqqında danışın. Bu əməliyyatın üstünlük və yeniliyi nədən ibarətdir?
- Tarixə nəzər salsaq görərik ki, bu əməliyyat bütün dünya çapında nisbətən yeni sayıla bilər. Belə ki, bütün dünyada ilk dəfə 1990-cı ildə ABŞ-da Ralf Klayman tərəfindən həyata keçirilib. Daha sonra dünyanın bir çox ölkələrində tətbiq olunmağa başlayıb. Ümümiyyətlə laparoskopik əməliyyatin fəlsəfəsinin kökündə vücuda az travma verərək, minimal kəsiklər apararaq, əməliyyatı icra etmək dayanır. Əgər açıq nefrektomiya (böyrək çıxarılma əməliyyatı-red.) zamanı vücudun üç qrup əzələsi travmatik bir şəkildə kəsilirsə, laparoskopik nefrektomiya zamanı üç kiçik dəlikdən əməliyyat icra edilir. Xəstənin bədənində çox kiçik iz qalır. Xəstə daha erkən reabilitasiya olur, əməliyyatdan sonra kəskin ağrıları olmur.
- Sizcə ilk əməliyyatınız uğursuz olsaydı, bu sizi ruhdan salmayacaqdı ki?!
- Bizim üçün faciə olmazdı. Biz hər nəticəyə hazır idik . Həm də Türkiyyədə təhsilim zamanı sərbəst şəkildə bu əməliyyatı icra etmişdim və içimdə bir əminliklə yanaşı , həyəcan da var idi. Amma şükürlər olsun ki, uğurla nəticələndi. Və biz bir ilkə imza atdıq. İlk xəstəmiz 48 yaşında kişi xəstəydi. Əməliyyata göstəriş isə - böyrəyin funksiyasını itirməsi idi. İlk əməliyyat – 3.5 saat sürdü. Əməliyyat bitəndə hər kəs sevinc içindəydi.
- Azərbaycanda belə bir metodu tətbiq etmək arzusu sizdə nə zaman yarandı?
- Türkiyyədən geri dönəndə artıq ciddi şəkildə bu əməliyyatı icra etməyə hazırlaşırdım. Tək mən deyil, bütün komanda hazırlaşırdıq. Xəstəxanamızın rəhbərliyinin çox ciddi dəstəyi oldu. Lazım olan, çatışmayan bütün alətlər alındı. Artıq texniki cəhətdən tam hazır idik . Əməliyyata uyğun xəstə olunca, icra etdik.
- İndiyədək neçə xəstəyə şəfa vermisiniz?
- Bu gün etibarilə artıq 40 xəstənin üzərində uğurlu əməliyyat aparılıb. Şükürlər olsun ciddi fəsadla qarşılaşmamışıq. Bütün xəstələrimiz mütəmadi olaraq muayinələrdən keçərək nəzarətimizdə olurlar . Ən önəmlisi isə odur ki, 2011- ci ildən bəri mütəmadi olaraq nəticələrimizi Beynəlxalq elmi konqreslərdə məruzə edirik: “9- cu Milli Endourologiya Konqresi ( Ankara, Türkiyyə, 2011); 22 ci Milli Türk Urologiya Konqresi ( Şimali Kipr ,2012) ; 30 World Endourology Congress,( 2012); 1 ci Türkiyyə Uroloji Cərrahi Konqresi (Antalya, Türkiyyə, 2012); 23 Milli Türk Urologiya Konqresi (Antalya , Türkiyyə, 2014).
Bu günlərdə Bakıda keçirilən Azərbaycan–Türk–Alman Tibb Konqresində laparoskopik urologiyadakı təcrübələrimiz barədə geniş hesabat verdik. Yeri gəlmişkən qeyd etməliyəm ki, Azərbaycanda belə nüfuzlu elmi toplantıların keçirilməsi ölkə başçısı İlham Əliyevin həm də tibb sahəsində apardığı uğurlu humanitar siyasətin nəticəsidir. Qürurla deyə bilərik ki, indi səhiyyəmiz nəinki paytaxtımızda, regionlarda belə sürətli templə inkişaf edir.
Beynəlxalq konqresdə Rəşad Şolanın məruzəsi
- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Çalışdığım Mərkəzi Neftçilər Xəstəxanası və Respublika Diaqnostika Mərkəzi urologiya sahəsi üzrə ən müasir əməliyyatları həyata keçirmək üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub. Bütün məsuliyyətimlə deyə bilərəm ki, böyrək və sidik yolları xəstəliklərinin ən müasir konservativ və cərrahi müalicəsi yuxarıda adın göstərdiyim xəstəxanalarda uğurla həyata keçirilir. Gələcəyə planımız-laparoskopik texnologiyaları mürəkkəb rekonstruktiv və radikal əməliyyatlarda tətbiq etməkdir.