E.Süleymanov müraciətində aprelin 15-də AŞPA-nın rəsmi internet səhifəsində Ann Brassörin adından dərc edilən “AŞPA prezidenti Ermənistanın islahat yolundakı davamlı irəliləyişini təqdir edir” başlıqlı pres-relizdən təəcübləndiyini vurğulayır:
“Siz bu mətbuat mətnində iki dəfə “Dağlıq Qarabağ münaqişəsi”ni belə ifadə formasında xatırladırsınız, halbuki rəsmi təmsil etdiyiniz AŞPA öz aparıcı qurumlarında bu münaqişəni rəsmi olaraq “Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi ərazisinin işğalı” kimi səsləndirməyi dəfələrlə təsdiqləyib.
Biz anlayırıq ki, baş katibiniz cənab Saviçki, AŞPA adminsitrasiyasının rəhbəri və AŞPA-nın bütün mətbuat mətnlərinin baş redaktoru kimi, AŞPA qurumlarının bu müstəvidəki aydın qərarlarını davamlı olaraq rədd edir. Həqiqətən də, bu günə qədər AŞPA-nın bu məsələyə dair bütün pres-relizlərində AŞPA-nın ifadə forması (bu, digər beynəlxalq təşkilatların ifadə formasına uyğundur!) deyil, Ermənistanın ifadə forması işlənir.
Buna baxmayaraq, dünən sözügedən pres-relizinizdə vurğulamısınız (sitat gətirirəm): “Prezident kimi, Assambleya qurumlarının verdiyi qərarların icrasına zəmanət vermək mənim vəzifəmdir”. Sizin bu açıq-aşkar ziddiyyətli yanaşmanızın məni nə üçün təəccübləndirdiyini anlayırsınız.
İcazənizlə xatırlatmaq istərdim ki, bu birtərəfli və yanlış mətbuat mətnləri vasitəsilə özünün erməni ruhlu şəxsi siyasi gündəliyini açıq-aydın həyata keçirmək məqsədi güdən, beləliklə, Prezident kimi, müsbət adınıza və AŞPA-nın nüfunuza xələl gətirən baş katibinizi AŞPA pres-relizlərinin baş redaktoru vəzifəsindən çıxarmaq səlahiyyətiniz var”.