Məsələ ilə yerində tanış olmaq üçün Ölkə.Az-ın reportyor qrupu olaraq bazarlara yollanırıq.
Orada olarkən "Laçın" ticarət mərkəzinin bütün girişləri bağlanıldığı, yalnız ticarət mərkəzinin qarşısındakı kiçik köşklərin fəaliyyət göstərdiyinin şahidi oluruq. Satıcılar bildirir ki, artıq iki gündür "Laçın" ticarət mərkəzi işləmir. İki gün öncə günorta saatlarında qəflətən işıqlar sönüb və bazar rəhbərliyi ondan sonra hamıya mağazalarını bağlayıb getməyi tapşırıb. "Laçın" ticarət mərkəzinin müdriyyəti elektrik enerjisinin kəsinti səbəbinə dair sahibkarlara əlavə heç bir məlumat verməyib.
"Laçın" ticarət mərkəzinin şüşə qapılarından içəri baxırıq və hər tərəfin qaranlıq olduğunu görürük. Ticarət mərkəzinin ətrafında isə bir nəfər də olsun mühafizəçi yoxdur. Rəhbərliklə görüşməyə cəhd etsək də ticarət mərkəzinə girmək üçün açıq qapı tapa bilmədik.
"Laçın" ticarət mərkəzinə bitişik olan "Xalqlar Dostluğu" yarmarkasına giririk. Bura da qaranlığa qərq olub. Bazarda yalnız gün işığı düşən yerlər işləyir. Satıcılar bildirdi ki, dünən günortadan hər iki bazarın işığın kəsiblər. Açıq olan mağaza satıcıları ilə söhbətdə isə dedilər ki, ilk olaraq bazar rəhbərliyi onlara transformatorun sıradan çıxdığını deyib. Amma onlar bunun doğru olmadığını, bazarların "Azərişıq"a külli miqdarda borcu olduğu üçün elektriksiz qaldığını iddia ediblər.
Bazarda olarkən məlumat əldə etdik ki, bu gün və sabah da elektrik olmayacaq.
Mövzunu davam etdirəcəyik...