Sürət həddini aşmaq adam bıçaqlamadan ağır cinayətdir?
Xəbər verildiyi kimi aprelin 10-da Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev bir nəfəri bıçaqlayıb. Deyilənə görə, hadisədən dərhal sonra general oğlunu taparaq onu polisə təslim edib. Yasamal rayon məhkəməsi isə Tamerlan barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçib.
Bəllidir ki, dəfələrlə yüksək vəzifə tutan məmurların övladları cinayət törədiblər, ictimai yerlərdə dava salıblar və ya “avtoş”luq ediblər. Bir çox hallarda belə ərköyün övladların ataları işdən çıxarılıb. Onların işdən çıxarılmasına isə prezident İlham Əliyevin bir neçə dəfə məmurlara övladları ilə bağlı etdiyi xəbərdarlığı rəvac verib. Belə olan halda ictimaiyyəti hazırda bir məsələ düşündürür: Azərbaycanın güc nazirliklərindən birində yüksək vəzifə tutan, “qudurğan övlad”lı general niyə işdən çıxarılmır? Bəllidir ki, bu bıçaqlanma hadisəsi onun ərköyün oğlunun törətdiyi ilk cinayət deyil. Tamerlan Əsədullayev əvvəllər də məmur atasına və şeyx dayılarına arxalanaraq, bir neçə dəfə dava-dalaş salıb, kobud qanun pozuntularına yol verib. Onun ötən il “Qış parkı”nın yaxınlığında etdiyi xuliqanlığın səs-sədası hələ qulaqlardan getməyib.
Ekspertlərin fikrincə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin yeznəsinin işdən çıxarılması heç də asan məsələ deyil.
Hüquq müdafiəçisi Aslan İsmayılov hesab edir ki, Tamerlanın dəfələrlə xuliqanlıq etməsi və layiqli cəzasını almaması məhz atasının yüksək vəzifədə çalışması ilə bağlıdır: “Təkcə bir məsələni qeyd etmək kişfayətdir ki, hadisə baş verəndən sonra mətbuatda Əsədullayevi az qala qəhrəman kimi təqdim etdilər. Düşündüm ki, oğlu adam bıçaqlayan, kiməsə işgəncə verən bu şəxsi gərək, nazir qoyalar: “Axı keçən il bütün ölkə mətbuatı həmin Tamerlanın may ayının 5-i, gecə saat 04:00-da Qış parkının yaxınlığında kimsəsiz bir qız uşağını döydüyünə etiraz edib, onu Yasamal rayon 27-ci polis bölməsinə gətirən sıravi polis işçilərini məhz general Şərif Əsədullayevin gül balalararı təhqir edib, şil-küt etdiyindən yazmışdılar. Ataları bölməyə gəldikdən, vəzifə borcunu yerinə yetirən qanun keşikçilərini sorğu-suala tutduqdan sonra isə bölməni də xarabaya döndərdilər və heç bir cəza almadılar. General Şərif Əsədullayevin polis işçilərinə “mənim oğlum hacıdır, o içkili ola bilməz” deməsi isə dillər əzbəri olmuşdu. Yoxsa sizin Şərif Əsədullayevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiyi dövrdə etdikləri haqsızlıqlardan, bu gün rəisi olduğu DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsindəki əməllərindən xəbəriniz yoxdur?! Bəlkə keçən il baş verən hadisədən dərhal sonra Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovun polislərə qarşı bu hörmətsizliyə görə araşdırma başladılması barədə göstəriş verməsindən, bu insidentlə bağlı təhqiqatın İdarədə təhqiqat şöbəsinin rəisi Xıdır Xıdırovun aparmasından, ancaq iki gün sonra yuxarıların göstərişinə əsasən həmin araşdırmaya xitam verilməsindən, bununla da öz həmkarlarını aşağılamasından da xəbəriniz yoxdur?! Baş verən isə odur ki, generalın oğlunun iştirakı ilə aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb. Heç kim Tamerlanı cinayətkar, atasını isə nümunəvi məmur kimi göstərə bilməz. Hər şey göz önündədir".
Vəkil Adil İsmayılov isə hesab edir ki, övladın etdiyi cinayətə görə atalar cavabdehlik daşımır.
Amma cəmi bir ay əvvəl Zərdab rayon İcra Hakimiyyətinin birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərovun yol hərəkədi qaydasını pozduğuna görə işdən şıxarılması nümunəsi də var.
Hər halda sürət həddini aşmaq adam bıçaqlamaq, kimlərəsə işgəncə verməkdən ağır cinayət deyil. Bıçaq sürətlə sümüyə dirənəndə Qanun sürəti bıçağa dəyişmir... General və Şeyxin yeznəsi olsan belə.