Cavab: Bəli, ATƏT-in fəaliyyətdə olan sədrinə belə bir məktub ünvanlanıb. Biz ATƏT-lə fəaliyyətimizi dayandırmırıq və ya dondurmuruq. ATƏT-lə fəaliyyətimiz mövcuddur və əməkdaşlığımızı davam etdirmək əzmindəyik.
Məktubdan da göründüyü kimi ATƏT-in Azərbaycandakı təmsilçiliyinin layihə-koordinator səviyyəsinə salınması ilə bağlı müraciət etmişik. Yenə də qeyd etmək istəyirəm ki, bizim ATƏT-in fəaliyyəti ilə bağlı suallarımız mövcuddur.
Sual: Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-in Bakı ofisinin fəaliyyəti ilə bağlı sualları nədən ibarətdir?
Cavab: Məktubumuzda da bir çox məqamları qeyd etmişik. Yenə də qeyd etmək istəyirəm ki, bizim ümumiyyətlə ATƏT-in fəaliyyəti ilə bağlı suallarımız var. Bununla bağlı artıq ATƏT-lə danışıqlar da aparılıb. Xatırlayırsınızsa, ATƏT-in baş katibi də Bakıya gəldi, görüş keçirildi. Bizim mövqeyimiz açıqdır və mövqeyimiz çox konkret şəkildə ATƏT-in Baş Katibliyinə, fəaliyyətdə olan sədrinə göndərilib. Məktub həm də bütün üzv ölkələrə paylanıb. Burada gizlədiləsi və ya digər məqam yoxdur. Bizim mövqeyimiz ortadadır. Mövqe ondan ibarətdir ki, ATƏT-in fəaliyyəti layihə-koordinator səviyyəsinə salınsın. Bu, Azərbaycanın ATƏT üzvü kimi istəməyə haqlı olduğu bir mövqedir və istəməyə haqlı olan bir tələbidir.
Sual: ATƏT-in Bakı ofisinin layihə-koordinator səviyyəsinə salınması nə deməkdir? Fəaliyyətində hansı məhdudiyyətlər yaranacaq? Ümumiyyətlə hansı fəaliyyət istiqamətləri Azərbaycanı qane etmir?
Cavab: Yenə də qeyd etmək istəyirəm, ATƏT-in Bakı ofisi Azərbaycanla bir sıra proqramların həyata keçirilməsində əməkdaşlıq aparıb. Amma, yenə də ATƏT-in son zamankı fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinin sualları olması ilə bağlı mən bir qədər öncə bildirdim. ATƏT-in layihə-koordinator səviyyəsinə salınması da o deməkdir ki, ATƏT-in fəaliyyəti artıq koordinator səviyyəsində həyata keçiriləcək. Təbii ki, müəyyən qəbul edilmiş qaydalar çərçivəsində, yenə də ATƏT-in özünün qəbul etdiyi prinsiplər çərçivəsində.
Sual: Bu il Azərbaycanda prezident seçkiləridir. Prezident seçkiləri ilində bu müraciətin olması təbii ki, ictimai fikirdə, ictimaiyyətdə bir qədər qısqanclıq yaradıb və ya tənqid doğurub. Niyə məhz indi, prezident seçkiləri qabağı belə müraciət olub?
Cavab: Birincisi qısqanc doğurmamalıdır bu məsələlər. Çünki yenə də ATƏT-in Azərbaycanda ofisi fəaliyyət göstəribdir və hal-hazırda ATƏT-in bizim qonşu ölkələrdə də fəaliyyəti layihə-koordinator fəaliyyəti çərçivəsindədir. Bu normal prosedurdur. Çünki, bilirsiniz məsələ nədən ibarətdir, bir çox insanlara bu doğru təqdim olunmur. Bəzi dairələr bunu yenə də öz istədikləri kimi təhrif edirlər. Bu əslində belə deyil və ATƏT-lə Azərbaycan öz əməkdaşlığını davam etdirmək əzmindədir və bu davam etdiriləcək. Dəfələrlə vurğulamışıq ki, ATƏT-lə bizim əməkdaşlığımız bir çox proqramları əhatə edib, bir çox birgə layihələrimiz olub.
Bu gün ATƏT bizim qonşu ölkələrimiz, o cümlədən Gürcüstanda da layihə-koordinator səviyyəsində fəaliyyət göstərir. Burada qısqanclıq doğurası heç bir məqam yoxdur. ATƏT Azərbaycanla, Azərbaycan isə ATƏT-lə əməkdaşlığını davam etdirəcək. Sadəcə olaraq bu təmsilçiliyin layihə-korrdinator səviyyəsində həyata keçirilməsini Azərbaycan istəyib. Azərbaycanın üzv ölkə kimi bunu istəməyə haqqı var. Çünki ATƏT-in ofisinə ev sahibliyi edən ölkə məhz Azərbaycandır. Mən burada bir çox ölkələr də göstərə bilərəm ki, ATƏT-in yenə də fəaliyyəti bir səviyyədən digər səviyyəyə çevrilib. Burada bir çox ölkələr var və bir çoxu bizim qonşuluğumuzda, bir çoxu Avropada yerləşib.
Sual: Bu il Azərbaycanda prezident seçkiləridir. Xarici İşlər Nazirliyi ATƏT-in seçki monitorinq missiyasının ölkədə işləməsi üçün dəvətnamə göndərəcəkmi?
Cavab: Təbii ki, bu aidiyyəti şəkildə icra olunacaq və belə qərar qəbul edilsə təbii ki, dəvətnamə göndəriləcək. Amma, hal-hazırda bununla bağlı hansısa qərarın olmasını bildirməkdə çətinlik çəkərəm. Çünki, bu gün bu barədə hələ hansısa bir qərar yoxdur. Olsa təbii ki, böyük məmnuniyyətlə mətbuatımızı məlumatlandıracağıq.
Sual: ATƏT-in baş katibi ilə danışıqlarda məsələnin müzakirəsi nə yerdə qalıb? Ümumiyyətlə razılaşma oldumu? ATƏT-in mövqeyi necədir? Çünki xarici işlər nazirinin məktubu ATƏT-in baş katibinin Azərbaycana səfəri başa çatan kimi açıqlanıb?
Cavab: Azərbaycanın mövqeyi ATƏT-in baş katibinin Azərbaycana səfərindən dərhal sonra açıqlanmayıb. Gördüyünüz kimi, məktubun üzərində 6 mart tarixi yazılıb. Bu məktub səfərdən bir qədər öncə göndərilib və üzv ölkələrə rahat şəkildə paylanılıb. Burada hansısa bir təhrifedici və ya hansısa bir istiqamətə yönəldilməsinə ehtiyac yoxdur. Çünki bu normal bir prosedur qaydalardır.
ATƏT-in baş katibi ilə görüşə gəldikdə isə Azərbaycan öz mövqeyini ortaya qoydu və Azərbaycanın mövqeyi çox aydın şəkildə bildirildi. Xarici işlər nazirinin baş katiblə görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi, Ukraynanın Azərbaycandakı səfiri də iştirak edib. Bu məlumatlar eyni zamanda sədr ölkəyə göndərilib.
Azərbaycan bu gün beynəlxalq əməkdaşlığını genişləndirməkdə niyyətli və meylli ölkədir. Biz əməkdaşlığımızı bir sıra beynəlxalq layihələrdə çox uğurlu şəkildə genişləndiririk. Bir çox regional layihələrin həyata keçirilməsində maraqlıyıq. ATƏT-də beynəlxalq təşkilat kimi Azərbaycanla əməkdaşlıq edir və bu əməkdaşlıq genişlənəcək, inkişaf edəcək. Biz çox istətəyərdik ki, Azərbaycan-ATƏT əməkdaşlığı ilə bağlı təhrifedici məqamlar olmasın. Çünki bu həqiqət deyil, əməkdaşlıq davam etdiriləcək. Bu ATƏT-in baş katibinə də bildirildi. Sadəcə Azərbaycanın ATƏT-in Bakıdakı ofisinin ATƏT ofisi səviyyəsindən layihə-koordinator statusu səviyyəsinə dəyişdirilməsi tələbi onun diqqətinə çatdırılıb.