Bu gün xalq təqvimi ilə Boz ayın, ilaxır çərşənbələrindən dördüncüsü –torpaq
çərşənbəsidir.Çərşənbələrin içərisində daha böyük
mərasimlər hazırlanan məhz sonuncu hesab olunan Torpaq çərşənbəsidir. Bu
çərşənbəyə xalq arasında İlaxır Çərşənbə ilə yanaşı "Yer Çərşənbəsi" və ya "Torpaq
çərşənbəsi" də deyirlər. İnama görə Torpaq Çərşənbəsi yetişəndə torpaq artıq əkinə
hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət
çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada
yatmış Torpağı oyadırlar. İlaxır Çərşənbə sonuncu 4 çərşənbənin mərasim, ayin, etiqad,
oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün
ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur.
Mərasim sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar su kənarına gedir, su
üstünə atlanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər. Bütün günü
davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu axşam üzərlik yandırılır,
tonqallar alovlanır, tonqallar üstündən tullanır, bacalardan torbalar sallanır, qurşaq
atılır, qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk
eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bəzi
bölgələrdə axır çərşənbədə süfrəyə ət və toyuq əvəzinə ancaq balıq verirlər.
Əlbəttə, bütün çərşənbələrdə əsasən yeniyetmə və gənclərdən ibarət xüsusi musiqiçilər
dəstəsi axşam qaranlıq düşəndən sonra ev-ev, oba-oba gəzər, çalıb-oxuyarlar. Bəxşiş,
hədiyyə yığmaq, qurşaq atmaq indi də dəbdən düşməyib. Bayram axşamı süfrələr
müxtəlif təamlarla paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatla bəzədilir. Çərşənbə
günündə başyalan mərasimlər səhər tezdən elan olunur və gün dəyişənə qədər davam
edir, həmin gücə evlərdə şamlar yandırılır, hər bir şəxsin adı qoyulmuş şam sona qədər
yanmalıdır. Şamların kimsə tərəfindən söndürülməsinə icazə verilmir.
"Yenimeydan.info"bütün oxucularının İlaxır çərşənbəsini təbrik edir !