“Nar Mobile” beynəlxalq təcrübədən yararlanmağa və öz yeniliklərini dünya ictimaiyyəti ilə bölüşməyə davam edir.
Şirkətin rəhbər işçiləri nüfuzlu beynəlxalq sammitlərdə, konfrans və forumlarda iştirak edərək, beynəlxalq biznes mühitində cərəyan edən prosesləri öyrənir, təcrübə mübadiləsi aparırlar. Sonuncu belə bir forum 25-26 mart 2015-ci il tarixdə, İspaniyanın Barselona şəhərində keçirildi. İnsan resursları problemlərinin araşdırılması məsələsinə həsr edilmiş sammitdə “Nar Mobile”ın insan resursları üzrə direktoru Mətanət Babayeva şirkəti təmsil etdi.
Tədbirdə çıxış edən xanım Babayeva “Nar Mobile”ın uğurlu kadr siyasətindən bəhs edərək, insan potensialını dəyərləndirmənin vacibliyi, iş mühiti və işgüzar şərait, eləcə də əməkdaşlar üçün təşkil edilən effektiv proqramlardan danışdı. Bu çıxış digər iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı. İkigünlük sammit uğurlu biznesin əsasını təşkil edən insan resursları problemlərinin öyrənilməsi baxımından çox səmərəli və məhsuldar oldu.