ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC “İlin tikinti şirkəti” nominasiyasında lider elan edilib.
Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) ali mükafatlarının təqdimat mərasimində çıxış edən klubun prezidenti və icraçı direktoru Telman Əliyev bildirib ki, bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu öz sıralarında dünyanın 50 ölkəsindən olan 500-dək şirkət və təşkilatı birləşdirir: “Klubun dəstəyi ilə fəaliyyət göstərən Caspian Energy International Media Group-da hazırda 6 beynəlxalq jurnal, informasiya agentliyi, marketinq araşdırmaları şirkəti, 30-dan artıq internet-layihə, həftəlik internet-qəzet və online neft-qaz ensiklopediyası fəaliyyət göstərir”.
Tədbirdə sənaye və energetika naziri Natiq Əliyev, rabitə və informasiya texnoıogiyaları nazirinin müavini İltimas Məmmədov da çıxış ediblər.
Çıxışlardan sonra, “Caspian Energy Integration Award – 2013” mükafatlarının təqdimatına başlanılıb.
Klubun 50 ölkədə apardığı sorğuya əsasən, “İlin tikinti şirkəti” nominasiyası üzrə qalib elan edilən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “Caspian Energy Integration Award – 2013” mükafatı ASC-nin Direktorlar Şurasının Sədri, Baş direktoru Xaqani Quluzadəyə təqdim edilib. Baş direktor hazırda dünyanın 7 ölkəsində uğurla fəaliyyət göstərən Korporasiya adından “Akkord”u bu mükafata layiq görən şirkət və təşkilatlara minnətdarlığını bildirib və bütün digər nominantları təbrik edib: “Mən bunu 7 ölkədə təmsil olunan şirkətin qələbəsi hesab edirəm. Bu, bizi yeni uğur və nailiyyətlərə ruhlandırır”.
Mərasimdə müxtəlif şirkət və təşkilatların nümayəndələri ilə yanaşı ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar, Çexiya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Radek Matula da iştirak ediblər.
Riçard Morninqstar “Xəzər enerji layihələrinin inkişafına verilən töhfəyə görə”, çexiyalı səfir isə, “Azərbaycan-Çexiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə” “Caspian Energy Integration Award -2013” mükafatına layiq görülüblər.Ümumilikdə, mərasimdə 20 nominasiya üzrə mükafat təqdim olunub.
Mərasim konsert proqramı ilə müşaiyət olunub.
Qeyd edək ki, sözügedən mükafat Bakı, Moskva, Ankara və Astanada Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) dünyanın 50 ölkəsində keçirdiyi internet-sorğunun nəticələrinə əsasən təqdim olunur. Bu mükafat siyasi xadimlərə, dövlər məmurlarına, şirkət və təşkilatlara Xəzər-Qara dəniz-Baltik regionlarında il ərzində qazandıqları nailiyyətlərə görə verilir.
CEIBC 2002-ci ildə Caspian Energy International Media Group-un aktiv iştirakı və Xəzər-Qara dəniz hövzəsində çalışan iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Klubun sədri prezident İlham Əliyevdir.