Məni yaxından tanıyanlar bilir: Məktəbi bitirənə qədər qarmon və piano ilə peşəkar şəkildə məşqul olmuşam. Sevirdim musiqini. Uşaqlıqdan həvəsli idim.
Məndə qarmona sevgini isə dəyərıi qardaşım Mahir Qabiloğlunun dayısı, eyni zamanda böyük şairimiz Qabilin qaynı Firuz müəllim yaratmışdı.
Və…düz 5 yaşımda musiqi məktəbinə getdim. İstedadımdan dolayı pillə-pillə yuxarı siniflərə atladılar məni. 5 illik məktəbi 2 ilə bitirdim…
Müəllimim isə xalq artisti, böyük sənətçi Ənvər Sadıqov idi….
Festivallar, konsertlər bir-birini sıralayırdı. Üfüqdə böyük bir gələcəyin işartıları vardı.
Ta o vaxta qədər ki….atam məsələyə əl qoydu. Məktəbin 9-cu sinifində oxuyarkən qəti şəkildə bildirdi ki, artıq dayanmağın, musiqi ilə vidalaşmağın vaxtıdır. Daha çox elmə, kitaba yönəlmək, mənasız işlərin başını buraxmaq lazımdır…
Çünki mən professor oğluymuşam……Bu səbəbdən!
Zatən təhsildə mükəmməl idim. Yəni musiqi məni kitabdan ayırmamışdı. Fəqət hər şeyə rəğmən atamın sözünü geri çevirmədim və bu minvalla ilk öncə orta məktəbi, ardınca isə BDU-nun “Beynəlxalq hüquq” fakültəsini əla qiymətlərlə bitirdim…
Qırmızı diplomları ard- arda sıraladım…
***
Beləcə illəri geridə buraxdıq. Atam vəfat etdi. Mənsə tək qaldım. Qırmızı diplomlarımla baş – başa. Və elə bir dövr yetişdi ki, həmin diplomlarla mebel firmasında fəhlə işi belə tapa bilmədim. Gəzmədiyim, dolanmadığım qapı qalmadı. Üstəgəl, Allah mənə fitri istedad vermişdi: nitqim və yazım da diqqət çəkən idi…Amma yenə alınmadı…
Siyasətə baş vurdum. Dərhal parladım. 3 dəfə Cənab Prezidentin vəkili oldum. Siyasətin 2005-ci il kritikasında hakimiyyətin əsas təbliğat ruporu kimi vuruşdum, dəfələrlə ölümlə hədələndim, sui -qəsdə məruz qaldım……Yenə alınmadı…
Mətbuatda tanındım, bütün jurnalistikanın diqqətini çəkdim. Bəzən yazılarım 2 milyon oxucu yığdı, mənə rəğbət qazandırdı, imzamı məşhurlaşdırdı…Yenə alınmadı…
O mənada alınmadı ki…Nadir Qafarzadənin, Elgizin, Elarizin qurduğu həyatı qura bilmədim. Dükanda – bazarda onlara müəllim, mənim kimilərə isə “qaqaş” deyib səsləndilər..Manıslar bir fonoqramı 5 min dollara oxurkən, əsl ziyalılar bir möhtəşəm yazını 20 manata yazmaq məcburiyyətində qaldılar….
Professor 200 manat maaş alırkən, Üzeyirlər 200 minlik maşında şütüdülər…
Dumbul çalanlar sürücü ilə gəzərkən, müəllimə bənnalıq təklif etdilər…
P.S….. Kaş o zaman atamı dinləməyəydim……(