Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə Novruz bayramını səngərdə düşmənlə üz-üzə dayanmış, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə keçirib.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, icra başçısı hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdə olub, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb. Şəxsi heyyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Alı Alıyev bildirib ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır: “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik”.
Çıxış edənlər belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulayıblar.