"Ardıcıl bayram günləri ilə əlaqədar respublikanın müxtəlif rayonlarına, eləcə də rayonlardan paytaxta çoxsaylı insan axınının olması gözlənilir ki, bu da yollarda nəqliyyatın hərəkətinin intensivliyi ilə müşayiət olunacaq. Ona görə də sürücülərdən bu günlərdə, xüsusilə bayramın yaxşı əhval-ruhiyyə ilə keçirilməsi üçün yola, səfərə çıxarkən qaydalara ciddi əməl etmələri, yollarda müəyyən edilmiş sürət həddini aşmamaları xahiş olunur", - bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Əliyev bildirib ki, daxili işlər naziri, genral-polkovnik Ramil Usubovun əmri ilə Daxili İşlər Nazirliyinin, o cümlədən onun striktur hissəsi olan Dövlət Yol Polisinin şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçib.
Onun sözlərinə görə, yol polisi bayram və istirahət günlərində istər paytaxtda, istərsə də ayrı-ayrı rayonlarda, eləcə də rayonlararası yollarda xidmətini gücləndirilmiş iş rejimində davam etdirəcək. "Ötən il mart ayında Novruz bayramı ərəfəsində 68 yol-nəqliyyat hadisəsində 17 nəfər ölmüş, 73 nəfər isə yaralanmışdı. Bu da sürücülərimiz üçün çox ciddi siqnal olmalıdır. Bu gün heç kim istəmir ki, bu gözəl bayram günlərində qanqaraçılıq olsun, hansısa ailəyə bədbəxtlik üz versin. Bunun da qarşısının alınması bütün hərəkət iştirakçılarının öz əlindədir", - Əliyev qeyd edib.
Bundan əlavə, şöbə rəisi piyadalara da müraciət edərək bildirib ki, paytaxtda, xüsusilə də bölgələrdə Novruz bayramı ilə əlaqədar keçiriləcək tədbirlərə gedərkən və ya tədbirdə olarkən yolun hərəkət hissəsinə çıxanda diqqətli olsunlar, haradan və necə gəldi yolu keçməsinlər. Piyadalar üçün müəyyən olunmuş xüsusi yerlərdən, yeraltı keçidlərdən, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə etsinlər.
"Əhaliyə müraciətimiz odur ki, ilaxır çərşənbə ilə bağlı yolun hərəkət hissəsində tonqallar yandırmasınlar. Bu həm avtomobillərin hərəkətinə mane olur, həm də nəqliyyat vasitələri hərəkətdə olarkən insanlar üçün müəyyən təhlükə yaradır", - Əliyev vurğulayıb.
Qeyd edək ki, 2012-ci ildə Novruz bayramı günlərində piyadaların vurulması ilə bağlı 32 hadisə qeydə alınmış, nəticədə 8 nəfər dünyasını dəyişmiş, 27 nəfər yaralanmışdı.