Novruz bayramı günlərində əhaliyə elektrik enerjisinin verilişində problem yaranmaması üçün "Azərenerji" ASC tədbirlər planı hazırlayıb və bütün imkanlar səfərbər edilib.
Səhmdar Cəmiyyətdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Novruz bayramı üçün nəzərdə tutulan 8 gün ərzində stansiyaların keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrdə məsul növbətçilər və əlavə qəza-bərpa briqadaları fəaliyyət göstərəcək. Eyni zamanda, həmin günlərdə qrafik üzrə planlaşdırılmış təmir işlərin aparılması nəzərdə tutulmur.
Səhmdar cəmiyyətin Elektrik Enerjisinin Ötürülməsi idarəsi bildirib ki, istehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatlarının daha dolğun şəkildə ödənilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. İlin əvvəlindən nəzərdə tutulan işlər yerinə yetirilib. Bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Əlavə mal – material ehtiyatı yaradılıb və növbətçi briqadaların sayı artırılıb. Bu briqadalar nəqliyyat vasitəsilə təmin olunub.