Quba sakini hündürlüyü 3 metr olan səməni hazırlayıb. Qeyri-adi formalı səməninin cücərib boy atması 1 aya başa gəlib. Peyk formasında hazırlanan səməni 3 hissədən ibarətdir.
“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, hündürlüyü 3, diametri isə 90 sm olan səmənini Qubanın Amsar kənd sakini, 50 yaşlı Şamil Mustafayev hazırlayıb. Tikinti ustası olan kən sakini 7 ildir, müxtəlif formalı səmənilər cücərtməklə məşğuldur:
“7-8 ildir, müxtəlif cür səmənilər hazırlayıram. Səhəng, samovar, çaydan, alma və başqa formada səmənilər hazırlamışam. Xaçmazın giriş qapısı və başqa sifarişləri düzəltmişəm. Builki isə kosmik peyk formasındadır. Buna fevralın ortalarından başlamışam”.
Səməni əsasən, toxumluq buğdadan qoyulur və ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış göyərdilir. Bunun üçün ilk olaraq buğdanı şişməsi üçün 1 gün suda saxlamaq lazımdır. Sonra buğdalar sudan çıxarılıb rişə atması üçün işıqlı yerdə qoyulmalıdır. Kök salmış buğdanı istənilən formada əkmək mümkündür:
“Havanın temperaturu normal olmalıdır. Soyuqda cücərmir, isti olanda isə quruyur. Buğdanın üstü qurumasın deyə ya üstünə nəm tənzif sərmək, ya da sutkada 10-15 dəfə sulamaq lazımdır”.
Şamil Mustafayev deyir ki, cücərdilməsi baha başa gəlməsə də, olduqca diqqət və qayğı tələb edir.