“Azərbaycan əhalisi tələbatından asılı olaraq hansı valyutada kredit götürməklə bağlı qərar verməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə iqtisad elmlər doktoru, Nazirlər Kabinetinin Qiymət, iqtisadi və maliyyə-kredit siyasəti şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev deyib.
Onun sözlərinə görə, hər şey kreditlərin hansı məqsədlər üçün götürülməsindən asılıdır: “Əgər istehlak edilən mal xaricdən gətirilirsə, təbii ki, krediti dollarda götürmək lazımdır. Ölkə daxilində nə isə əldə etməyə ehtiyac varsa, o zaman krediti manatda götürmək lazımdır”.
O.Haqverdiyev qeyd edib ki, biznes kreditləri ilə də vəziyyət oxşardır: “Ümumiyyətlə isə vəziyyətdən asılı olaraq kreditin bir qismini xarici valyutada, digər qismini isə manatda götürmək olar”.
Əmanətlərə gəlincə, ekspert bildirib ki, bu vəsaitlərin ölkə daxilində istifadə ediləcəyi güman edildiyindən onları manatda saxlamaq daha yaxşı olardı: “Əks halda onsuz da milli valyutaya konversiya etmək lazım olacaq”.