Misir höküməti ölkə paytaxtını Qahirədən 45 kilometr şərqdə yerləşəcək yeni şəhərə köçürmək niyyətindədir.
“Qafqazinfo”nun report-a istinadən məlumatına görə, yeni paytaxt layihəsini ictimaiyyətə açıqlayan Misir hökümətinin üzvü Mustafa Madbuli bildirib ki, yeni şəhər ölkənin əsas ticarət arteriyası hesab olunan Süveyş kanalına Qahirədən daha yaxın olacaq.
“Hazırda Qahirədə 20 milyona yaxın insan yaşayır. Proqnozlara görə bu rəqəm 40 ildən sonra iki dəfə artacaq. Bunu nəzərə alaraq dövlət idaretmə sistemini rahatladacaq alternativ paytaxtın tikintisini planlaşdırmışıq”, - deyən Misirli nazirin sözlərinə görə, yeni şəhərin tikintisi təxminən 45 milyard dollara başa gələcək, inşaatı isə 7 il davam edəcək.
“Bütün nazirliklər yeni paytaxta köçürüləcək. Yeni şəhərin ərazisi Sinqapur qədər olacaq, əhalisi isə 5 milyon nəfərə çatacaq”, - deyə M.Madbuli əlavə edib.